Koronavirus xəstələrinin müalicəsində "Remdesivir" preparatından istifadənin effektivliyi sübut olunduqdan sonra dərmanın Avropada aidiyyatı qurumlar tərəfindən istifadəsinə rəsmi şəkildə icazə verilib. Artıq COVID-19 xəstələrinin müalicəsində sözügedən dərmandan istifadəyə başlanılıb.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, tibb sahəsində nüfuzlu elm adamlarının, o cümlədən də Köln Universitetindən olan alimlərin apardığı elmi tədqiqatlar zamanı preparatın ağır koronaviruslu pasientlərdə xəstəliyin kifayət qədər yüngül keçməsinə səbəb olduğu və xəstəlikdən sağalma müddətini 11 günə endirdiyi sübut olunub.
Onun sözlərinə görə, dərmanın təsiri nəticəsində virusun orqanizmdə çoxalmasının qarşısı alınır. Bu isə ümumi kliniki vəziyyətə birbaşa təsir edir. Hazırda Avropada bir çox xəstələrin bu dərmandan istifadəsindən sonra süni tənəffüs cihazına qoşulmasına ehtiyac qalmır.
N.Abdullayev Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində "Remdesivir"dən istifadənin tətbiq edilməsini məqsədəuyğun hesab edib. Azərbaycanlı alim əminliklə bildirib ki, dərman preparatının yan təsirləri, yəni qaraciyər və böyrəyin funksiyasında dəyişikliklər də tədqiqatlar nəticəsində artıq öyrənilib. Bütün bunlar nəzərə alınaraq dərmandan istifadə Azərbaycanda da tətbiq edilə bilər.
Xatırladaq ki, tibb elmləri doktoru Nuran Abdullayev və elmi işçi qrupu tərəfindən "Remdesivir" preparatının koronavirus xəstələrinin müalicəsində istifadəsi ilə bağlı hələ aprel ayında aparılan elmi tədqiqatların nəticəsi barədə məlumat ictimaiyyətə çatdırılmışdı.