Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qarışqalar haqqında maraqlı faktlar
17.07.2020 11:20
  • A-
  • A
  • A+

Qarışqalar haqqında maraqlı faktlar

Koronavirus sərhədlər tanımadan hər gün neçə-neçə insanı yoluxdurur, canlar alır, insan həyatına, ailə xoşbəxtliyinə, psixi durumlara, iqtisadiyyata – insanların rifahına ciddi ziyan vurur, hətta ən hegemon, dünyaya ağalıq etmək iddiasında olan dövlətlər belə bu ölüm saçan virusun qarşısında aciz qalır, onun cəngindən qurtula bilmirlər.

Biz sosial bəlanın qarşısını yalnız ictimai canlıların köməyindən yararlanaraq ala bilər, xalqımızı, dövlətimizi, həm də bütün bəşəriyyəti bu virusdan xilas edə bilərik. 

Məlumdur ki, qarışqalar 130 000 000 ildir ki, planetimizdə yaşayır. Alimlər qarışqaları təbiətin sirli möcüzəsi hesab edərək qeyri-adi faktlar kəşf etmiş, bu canlılar üzərində müxtəlif təcrübələr aparmış, sonda onların yer üzərində ən ağıllı varlıqlar olduqlarını dilə gətirmək məcburiyyətində qalmışlar. Qarışqalar barəsində bizim bilmədiyimiz möcüzəli tərəflər:

1. Qarışqalar dinozavrlarla eyni dövrdə yaşamış, dinozavrlar müəmmalı şəkildə məhv olsalar da, onlar yaşamağa davam etmiş, hər bir şəraitə uyğunlaşmışlar; 

2. Qarışqalarda ən möcüzəli cəhət onların ədalətli bir cəmiyyət qurmalarındadır – hər bir qarışqanın evi, işi vardır, hər bir qarışqa öz işini kənardan nəzarət edilmədən mükəmməl şəkildə yerinə yetirir. Onlar arasındakı iş bölgüsü bir sirr olaraq hələ də müəmmalıdır;

3. Qarışqalar yeraltı səltənətlərini mahir bir üslubda yaradır – bəzi alimlər bu səltənəti yeraltı şəhər adlandırırlar. Bu şəhər yerin 7-11 metr dərinliyində və 50 metr uzunluğunda olur. Qeyd etmək lazımdır ki, iki ventilyasiya sistemi ərsəyə gətirilir; birinci vasitəsilə bütün yeraltı səltənətə yuxarıdan daima təmiz hava-oksigen daxil olursa, ikincidən daimi olaraq içəridəki ağır hava- zəhərli qazlar yuxarı – yerin üstünə doğru ötürür. Qarışqalar yuvalarının ağzında ora başqa heç bir canlının daxil ola bilməməsi üçün labirintlər qururlar; 

4. Qarışqalar həm zəhər ifraz edir, həm də bu zəhərdən özlərini qorumaq məqsədilə özlərindən daima antibiotik buraxırlar. Alimlər qeyd edir ki, antibiotiki daim ifraz etmək bacarığı qarışqanı insan dərisindən dəfələrlə təmiz olmasını şərtləndirir. Daima özlərindən kimyəvi maddə ifraz edən qarışqaları alimlər həm də gəzən kimyəvi laboratoriya adlandırırlar;

5. İlan, arı, hörümçək, əqrəb zəhərlərinin tibdə dərman kimi yararlı olduğu məlumdur. Qarışqalar ilanı, əqrəbi, hörümçəyi, dəvədəlləyini, arıları yeyir və onların zəhərlərindən pay alırlar;

6. Argentinada yarpaqkəsən qarışqa növü yaşayır. Bu qarışqalar gün ərzində yarpaq, müxtəlif bitki növlərini: gülləri, çiçəkləri, otları kəsərək yuvalarına daşıyır, burada daha kiçik həcmdə olan qarışqalar həmin bitkiləri horra halına salır. Yerin altında göbələk yetişdirən bu qarışqa növü həm də zəhərli bitki növlərini də zəhərsizləşdirmək qüdrətinə malikdir. Yetişdirdikləri göbələklər isə xüsusi bir bitkidir və bu göbələklər qarışqalar üçün təbii antibiotik rolunu oynamaqdadır;

7. Qarışqalar həm də meyvə, müxtəlif ağac və bitkilərin şirəsi ilə qidalanan mənələri müxtəlif vəhşi həşaratlardan hifz edərək onları qoruyur və qışda yem olmadıqda bu mənələrin şirin nektarı ilə qidalanırlar;

8. Elə qarışqa növləri var ki, bal istehsal edir. ABŞ-ın Arizona ştatındakı qarışqalar məhz öz adlarının bal qarışqası olmasını bal istehsal etmələri ilə qazanıblar. Bu qarışqalar "canlı bal çəlləkləri" adlanırlar. Ballı qarışqalar sağlamlıq üçün faydalı hesab olunur;

9. Qarışqalarda özünü vaksinləşdirmə məharəti vardır. Onlar xüsusi zəhərli göbələklərdən azacıq alaraq özlərini istənilən virusdan qoruya bilirlər;

10. ABŞ-ın cənubunda yaşayan qırmızı, yaxud odlu qarışqaların zəhərləri isə daha güclüdür. Bu ərazidə digər bir qarışqa növü də var ki, onlar istənilən həşəratın qorxduğu odlu qarışqalardan çəkinmir. Bu qarışqalar odlu qarışqaların olduqca güclü hesab edilən zəhərlərini neytrallaşdırmaq qüdrətinə malikdirlər;

11. Qarışqalarda havanın necə olacağı, hətta zəlzələni belə düzgün proqnozlaşdırmaq bacarığı vardır;

12. Qarışqalarda beyin hüceyrələri onların üstünlüklərindəndir. Alimlər qeyd edirlər ki, bu canlılar hətta superorqanizm adını almışlar;

13. Bu canlılarda böyük maqnit sahəsi vardır ki, bu da qarışqalara yollarını asanlıqla müəyyənləşdirməkdə kömək edir. Maqnit sahəsinin göstərişi onları düzgün yola istiqamətləndirir;

14. Qarışqalar öz xəstəliklərinin başqa bir həll yolunu müəyyənləşdirmişlər. Onlar müxtəlif ağaclardakı qətranları evlərinə daşıyaraq xəstələnəndə bu qətranlardan dərman vasitəsi kimi yararlanırlar;

15. Bu canlılar çəkilərindən 10 dəfə, hətta 100 dəfə artıq yük götürmək bacarığına malikdirlər. Afrikanın şərqində qaçan qarışqalar yaşayırlar ki, onlar çəkilərindən 5000 dəfə çox yük qaldırmağı bacarır;

16. Qarışqalar saniyədə 7 sm irəliləmək bacarığındadır;

17. Alimlərin söylədiyi faktlara əsasən, hazırda Yer Kürəsində 10 kvadrillin qarışqa yaşamaqdadır;

18. Qarışqalar bir ildə 10 000 000 kq ət yeyirlər. Bu, olduqca böyük rəqəmdir. Bütün vəhşi heyvanların bir ildə yedikləri ətdən daha çoxdur;.

19. Onlar ölənə yaxın qoxu ifraz edirlər. Bu qoxuya əsasən, həmin qarışqanı dəfn edirlər. Qarışqaların qəbristanlığı vardır və bu qəbiristanlıq daha qədimdir;

20. Avstraliya alimi Endrü Bitti qarışqa zəhərindən ən yeni antibiotiklər əldə etməyin mümkünlüyünü göstərib. Alimlərin fikrincə, qarışqa zəhərində antivirus, iltihab əleyhinə və ağrıkəsici maddəlar mövcuddur.

Beləliklə, qarışqanın yuxarıda sadalanan mühüm cəhətlərindən yararlanmaqla həm vaksin, həm də dərman hazırlamaq olar.

Şərabanı Hacıyeva

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

 

  • Paylaş: