AMEA-nın Şərqşünaslıq İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. Ümumilli liderin həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər gördüyünü diqqətə çatdırıb. Akademik bildirib ki, müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu.
G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini vurğulayıb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət Heydər Əliyevin adının ölkəmizin tarixinə əbədi həkk edildiyini söyləyən G.Baxşəliyeva, bu gün onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanı yüksək inkişaf etdirdiyini, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq torpaqları işğaldan azad etdiyini bildirib.
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Heydər Əliyevin Azərbaycan xalqının həyatında və elmimizin inkişafında müstəsna xidmətlərindən danışdı. S.Bayramzadə, ulu öndərin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfələrə xüsusi diqqət çəkib.
Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova anım tədbirində çıxış edərək bildirib ki, bu gün biz ulu öndəri zəfər çalmış Azərbaycan vətəndaşı kimi qürurla anırıq. L.Bayramova Heydər Əliyevin Azərbaycanın və hər bir azərbaycanlının həyatında və taleyində silinməz izlər qoyduğunu deyərək, xalqımızın ulu öndəri həmişə Azərbaycanı sevən və bütün həyatını sevdiyi Azərbaycanına həsr edən, onun uğrunda çalışan, hər addımını vətəni və xalqı üçün atan, ürəyi hər saniyə bu məmləkət üçün döyünən bir şəxsiyyət, bir siyasətçi kimi xatırlayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.