Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli 964-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” haqqında Əsasnamə
Maddə 1. Təltif edilən şəxslər
1.1. “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.
1.2. Bu Əsasnamənin 1.1–ci maddəsində göstərilən xidmətlərinə görə Azərbaycan Respublikasının digər orden və medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif edilə bilməzlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq qurum təltif edir.
Maddə 3. Döşə taxılma qaydası
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.