AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda Xocavənd rayonunda yerləşən Azıx mağarasından tapılmış alt çənə sümüyü qorunur.
350-400 min il əvvəl yaşamış 18-20 yaşlı qadına məxsus alt çənə sümüyü 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə aşkarlanıb. Çənə sümüyü qalın, dişləri isə xırdadır. Azıxantropun qalıqlarının paleoantropoloji tədqiqatı zamanı Dəmir Hacıyev onların 18-22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirib. Antropoloji xüsusiyyətlərinə görə sinantrop və Heydelberq adamına uyğun gəlir, eyni zamanda Neandertal adamına da yaxındır. Azıxantrop ilk paleoantropa keçid mərhələsidir. Təqribən 350-400 min il əvvəl yaşamış Azıxantrop dünyanın ən qədim insan qalıqlarından hesab olunur.
Azıxantrop sümüyünün tapıldığı Aşel təbəqəsindən çoxlu daş alət və heyvan sümükləri də əldə edilib. Bəzi tapıntılar əsasında Azıxantropun saymağı bildiyi və dini təsəvvürlərinin olduğu ehtimal edilir. Azıxantropun qalıqları Azərbaycanın qədim insanların formalaşdığı ərazilərdən biri olduğunu sübut edir.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor D.Hacıyev uzun müddət elmi-tədqiqat işləri aparıb. M.Hüseynov tərəfindən tapılmış çənə Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha da artırıb və dünyanın müxtəlif ölkələrinin arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssisləri Bakıya gələrək, Azıx düşərgəsindən tapılmış maddi-mədəniyyət qalıqları ilə yaxından tanış olmağa başlayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.