Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tanınmış jurnalist və alim Teymur Əhmədov vəfat edib
16.03.2021 14:14
  • A-
  • A
  • A+

Tanınmış jurnalist və alim Teymur Əhmədov vəfat edib

Müasir Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, “Respublika” qəzetinin baş redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədov ömrünün 91-ci ilində vəfat edib.

Əhmədov Teymur Əkbər oğlu 25 mart 1930-cu ildə Şəmkir rayonunda anadan olub. Orta məktəbi Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda qızıl medalla başa vurduqdan sonra 1949-1954-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

1954-1958-ci illərdə “Sovet Ermənistanı” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1961-1964-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirant olub. Aspiranturanı bitirdikdən sonra “Azərbaycan” jurnalında şöbə müdiri kimi fəaliyyət göstərib. T.Əhmədov 1968-ci ildən 1990-cı ilədək Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdir müavini, aparıcı elmi işçi vəzifələrində çalışıb. Ömrünün sonunadək isə Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi aktiv elmi fəaliyyətlə məşğul olub.

Alimin elmi yaradıcılığında görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun həyat yolu və irsinin öyrənilməsi daim mühüm yer tutub. T.Əhmədov müxtəlif illərdə “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda fəlsəfə, “Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda doktorluq işini müdafiə edib.

Elmi fəaliyyəti ilə yanaşı, aktiv ictimai mövqeyi ilə də seçilən tanınmış qələm sahibi 1990-1993-cü illərdə “Vətən həsrəti”, “Hikmət”, “Yeni fikir” qəzetlərinin, 1995-ci ildən vəfatınadək isə “Respublika” qəzetinin baş redaktoru kimi çalışıb. O, 2007-ci ildən Azərbaycan mətbuat tarixində dərin iz qoymuş “Füyuzat” jurnalının da nəşrini həyata keçirib.

Səmərəli əməyi daim dövlət tərəfindən yüksək qiymətləndirilən T.Əhmədov 1982-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, akademik Yusif Məmmədəliyev adına mükafat və medal, 2002-ci ildə “Tərəqqi” medalı, 2020-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub, həmçinin 2020-ci ildə Ədəbiyyat İnstitutunun “İlin alimi” seçilib.

AMEA-nın Ədəbiyyat İnstitutunun rəhbərliyi və kollektivi mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan səbr diləyir.

Allah rəhmət eləsin!

AMEA-nın Ədəbiyyat İnstitutunun rəhbərliyi və kollektivi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: