Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.05.2024 14:45
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə tədbir keçirilib

Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə tədbir keçirilib

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cəfər Cabbarlının ev-muzeyi və Bakı Dövlət Universitetinin SABAH qrupları Mərkəzinin birgə təşkilatçılığı ilə “Bakı Dövlət Universitetinin unudulmaz məzunu (Cəfər Cabbarlı – 125)” adlı sərgi-konfrans keçirilib.

18 May – Beynəlxalq muzeylər günü və görkəmli şair, dramaturq, rejissor və dövlət xadimi, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 125 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin əsas binasında baş tutmuş konfransda ölkənin bir sıra aparıcı təhsil və elmi-tədqiqat müəssisələrinin rəhbərləri ilə yanaşı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alim və mütəxəssisləri də iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Cəfər Cabbarlının ev-muzeyinin ekspozisiyası və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan Cəfər Cabbarlının şəxsi arxivi əsasında hazırlanmış “Cəfər Cabbarlı – 125” adlı eksponat, əlyazma və kitablardan ibarət səyyar sərgi ilə tanış olublar.  Sərgini  Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxanasının müdiri Briliant Hacıyeva və baş kitabxanaçısı Lalə Hüseynova təqdim edib.

Sərgi ilə tanışlıqdan sonra “Cəfər Cabbarlının yaradıcılığının tədqiq və təbliği arxiv və muzey materialları əsasında” mövzusunda dəyirmi masa öz işinə başlayıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadə giriş nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və sözü məruzəçilərə verib.

Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva məruzəsində görkəmli şair və dramaturq Cəfər Cabbarlının çoxşaxəli yaradıcılığından, onun dövrünün ziyalıları ilə yazışmalarından, yaradıcılıq münasibətlərindən bəhs edib, Əlyazmalar İnstitutunda yazıçının şəxsi arxivinə dair qorunub saxlanan materiallardan nümunələr göstərib.

Tədbirdə, həmçinin, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdirləri - filologiya elmləri doktoru, professor Tahirə Məmmədin və filologiya elmləri doktoru, professor Rəhim Əliyevin, həmin institutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlunun və Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoyun da mövzuya uyğun məruzələri dinlənilib.

Konfrans məruzə ətrafında çıxışlarla öz işinə davam edib.

Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova, Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin rəhbəri dosent İradə Süleymanova, Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova və Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı çıxışlarında dahi sənətkarın Azərbaycan ədəbiyyatındakı müstəsna rolundan bəhs edib, konfransın təşkil olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, bu cür mötəbər tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.

Konfrans çərçivəsində Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova və Kitabxana müdiri Briliant Hacıyeva yazıçının ədəbi irsinin tədqiqi və təbliği sahəsindəki xidmətlərinə görə Cəfər Cabbarlının ev-muzeyinin “Fəxri fərman”ı ilə təltif olunublar.

Sonda sərgi salonunda tədbir iştirakçıları ilə təşkilatçıların xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: