Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.05.2025 10:48
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunda seminar keçirilib

Tarix və Etnologiya İnstitutunda seminar keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Ərəbdilli mənbələr Arranın hüdudları haqqında” mövzusunda elmi-praktiki seminar təşkil olunub.

Tədbiri institutun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq Azərbaycanın qədim dövr və erkən orta əsrlər tarixini əks etdirməsi baxımdan mövzununun xüsusi maraq cəlb etdiyini vurğulayıb.

İlqar Niftəliyev bildirib ki, tariximizin açılmamış səhifələri, xüsusilə Atropatena və Albaniya tarixinin mübahisəli məsələləri ilə bağlı fərqli tarixi mənbələrin, o cümlədən ərəbdilli qaynaqların tədqiqata cəlb edilməsi tariximizə obyektiv baxış yaratmaq sarıdan böyük əhəmiyyətə malikdir. Xüsusilə ərəb mənbələrində “Arran” adlandırılan Qafqaz Albaniyası Azərbaycan tarixinin qədim dövrlərinə aid mühüm mərhələdir. Bu dövlətin tarixi, etnik tərkibi və dini xüsusiyyətləri Azərbaycanın qədim və orta əsr tarixi ilə sıx bağlıdır. Onun öyrənilməsi milli-mədəni kimliyimizin dərin köklərini anlamağa kömək edir. Tarixi saxtalaşdırmalara qarşı elmi əsasların yaradılması: Ermənistan tarixşünaslığı və bəzi qərb müəllifləri Qafqaz Albaniyasının mirasını erməni tarixi kimi təqdim etməyə çalışırlar. Xüsusilə, Alban kilsəsinin tarixinin təhrif olunması bu istiqamətdə aparılan saxta təbliğatın tərkib hissəsidir. Tarixşünaslıq bu iddialara qarşı elmi əsaslarla cavab verməyə imkan yaradır.

Seminarda Atropatena və Qafqaz Albaniyası tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Ramil Ağayev “Ərəbdilli mənbələr Arranın hüdudları haqqında” mövzusunda geniş elmi məruzə ilə çıxış edib.

Ramil Ağayev vurğulayıb ki, həm Sasanilər, həm də Ərəb xilafəti dövründə “Azərbaycan” və “Arran” tarixi - coğrafi anlayışlarının mahiyyətinin və onların hüdudlarının müəyyən edilməsinə, bu barədə indiyə qədər söylənilmiş fikirlərin yeni faktlarla daha da zənginləşdirilməsinə ehtiyac duyulur: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın qədim və erkən orta əsrlər tarixi ilə məşğul olan tədqiatçılar, əsasən, istinad etdikləri mənbələrin materiallarına üstünlük vermiş, onu dövrün digər sinxron yazılı qaynaqları ilə müqayisə etməmişlər. İbn Xordadbeh, İbn Rusta, İbn Əl-Fəqih, Əl-İstəxri, Qudama ibn Cəfər, İnb Haqvəl, Əl-Yəqubi, Əl-Məsudi, Əl-Müqəddəsi, Nəşvan ibn Səid əl-Himyər, İbn Miskəveyh, İbn əl-Cauzi, Əl-İdrisi, Yaqut əl-Həməvi, Səid əl-Məğribi və digər ərəb müəlliflərinin əsərlərinə istinad edən məruzəçi bildirib ki, bu müəlliflər Azərbaycan torpaqlarını iki böyük coğrafi anlayış - “Azərbaycan” və “Arran” şəklində təqdim ediblər. Lakin ərəb mənbələri həmin ərazilərdən vahid ölkə kimi bəhs edərkən onu məhz “Azərbaycan” adlandırıblar. IX-X əsrlərdə yaşamış bəzi ərəbdilli müəlliflər öz əsərlərində “Arran” məfhumundan, ümumiyyətlə, istifadə etməmiş, yalnız “Azərbaycan” coğrafi anlayışı ilə kifayətlənmişlər”.

Tədbir mözvu ətrafında müzakirələrlə davam edib.

Qeyd edək ki, institutun fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorantlarının iştirakı ilə baş tutan elmi-seminar masterklas formatında keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: