Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.05.2025 16:15
  • A-
  • A
  • A+

“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimat mərasimi keçirilib

“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimat mərasimi keçirilib

Mayın 23-də Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (aparıcı təşkilat), Elm və Təhsil Nazirliyinin (ETN) və AMEA-nın tərkibinə daxil olan elmi müəssisələrin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə əməkdaşlığı əsasında hazırlanmış “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın təqdimat mərasimi baş tutub.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, ETSN-in Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin, ETN Neft və Qaz İnstitutunun, ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, ETN İqtisadiyyat İnstitutunun, Bakı Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə nəşrin baş redaktoru, ETN Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə açaraq bildirib ki, geniş ictimaiyyət və mütəxəssis dairəsi üçün nəzərdə tutulmuş yeni atlas bəşəriyyətin və dünya mədəniyyətinin beşiklərindən olan, qədim tarixi və bənzərsiz təbiəti ilə seçilən, Azərbaycan Respublikasının hazırki iqtisadi bölgüsündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə təmsil edilən tarixi Qarabağ diyarının ümumcoğrafi durumuna və zəngin təbii ehtiyatlarına həsr edilib. Akademik Akif Əlizadə qeyd edib ki, atlasın ərsəyə gəlməsi uzun və sistemli elmi araşdırmaların nəticəsidir və ötən illər ərzində regionun coğrafiyası, təbii resursları, iqlimi və ekoloji durumu ilə bağlı yüzlərlə məlumat toplanaraq təhlil olunub.

Akademik diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsi qədim tarixə malikdir və işğal dövründə tədqiqatlardan kənar qalıb, 30 il ərzində bölgənin infrastrukturu ilə yanaşı, təbiəti, ekologiyası, biomüxtəlifliyi məhv edilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən və tarixi Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu deyən natiq hazırda regionun bərpası istiqamətində geniş quruculuq işlərinin həyata keçirildiyini bildirib.

Akademik Akif Əlizadə qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsilə regionda elmi tədqiqatlar da bərpa olunub, bölgənin geoloji və ekoloji potensialı tədqiq edilib və bugünkü atlas Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinə Azərbaycan elminin, alimlərinin öz töhfəsidir. O vurğulayıb ki, yeni nəşr dövlət başçısının qayğısı və dəstəyi ilə Elm və Təhsil Nazirliyinin, AMEA-nın və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə səyi nəticəsində ərsəyə gəlib və toplanmış yeni məlumatlar gələcəkdə Azərbaycanın iqtisadi, mədəni həyatında mühüm rol oynayacaq.

Akademik atlasdakı xəritələrin hazırlanmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin böyük əməyinin olduğunu bildirib. Həmçinin AMEA-nın da bu prosesdə yaxından iştirak etdiyini söyləyib, akademik İsa Həbibbəylinin rəhbərliyində Akademiyanın son illərdə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini deyib.

“Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası” Azərbaycan, ingilis, rus dillərində nəşri onun oxucu auditoriyasının xeyli geniş olacağına imkan yaradır. Bu baxımdan nəşrin Azərbaycanın Qarabağ - Şərqi Zəngəzur bölgəsinin təbiət müxtəlifliyi haqqında etibarlı məlumata ehtiyacı olan orta və ali təhsil ocaqları, icra və bələdiyyə orqanları, elmi-tədqiqat mərkəzləri, maraqlanan beynəlxalq qurumlar, eləcə də digər xarici təşkilatlar üçün etibarlı vəsait kimi dəyərləndirilməlidir”, - deyə akademik Akif Əlizadə vurğulayıb.

Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbir iştirakçılarını Azərbaycan Milli Elmlər Akademiyası adından salamlayıb, bugünkü nəşrin ölkəmizin elmi mühiti üçün əlamətdar hadisə olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığında 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Akademik İsa Həbibbəyli “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparıldığını, eyni zamanda Azərbaycan elminin də 30 il sonra bölgədə tədqiqatlarını bərpa etdiyini söyləyib. AMEA rəhbərinin sözlərinə görə, Qarabağın 30 illik işğalı dövründə toplanması mümkünsüz olan məlumatlar indi sistemli şəkildə toplanır, tədqiqata cəlb olunur, elmi əsasları işlənib hazırlanır.

Akademik İsa Həbibbəyli bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasından keçən ötən müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birgəQırmızı kitab”ın 3-cü cildi hazırlanıb, həmçinin Folklor İnstitutunda “Zəngəzur folkloru antologiyası”, Dilçilik İnstitutunda “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”, Tarix İnstitutunda “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabları işıq üzü görüb.

Təqdimatı keçirilən “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın 30 illik işğaldan sonra azad olunan regionun elmi cəhətdən bərpası və inkişafı istiqamətində atılan mühüm addım olduğunu deyən natiq qeyd edib ki, Prezident İlham Əliyevin liderliyində Qarabağda və Şərqi Zəngəzurda aparılan işlərə Azərbaycan elminin böyük töhfəsidir. Bildirib ki, akademik Akif Əlizadənin rəhbərliyi ilə ərsəyə gələn atlas Aşağı Araz vadisindən Kəlbəcərə, Laçına kimi, bir sözlə bütün Qarabağ ərazisini əhatə edir və qiymətli mənbədir.

“Atlasda istifadə edilmiş xəritələr geoloji əhəmiyyətli olduğu kimi, həmin ərazilərin işğaldan azad ediləndən sonra çəkilmiş ilk coğrafi atlası kimi mühüm siyasi əhəmiyyətə də malikdir. Nəşrdə tarixi və toponimik baxımından da məlumatlar təqdim olunur və olduqca zəngindir. Yeni vəsiar Qarabağ və Şərqi Zəngəzurun geoloji pasportudur və elmimizin ən son mühüm nailiyyətlərindəndir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Daha sonra atlasın elmi rəhbəri və redaktoru AMEA-nın müxbir üzvü Tələt Kəngərli yeni nəşrin geniş təqdimatını edib. Bildirib ki, dövlət başçısının qayğısı və dəstəyi ilə ərsəyə gətirilmiş nəfis atlas bölgənin təbii müxtəlifliyi üzrə əsas istiqamətverici sənəd kimi əvəzolunmaz elmi topludur.

Təqdimat mərasimində, həmçinin ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, ETSN-in Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Vasif Babazadə, ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü Amin İsmayılov və ETN İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri iqtisad üzrə fəlsəfə doktoru Azər Səfərov çıxış edərək “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində mühüm rol oynayacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: