Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Elmdə alim qadın uğuru – akademik İradə Hüseynova
24.05.2025 16:40
  • A-
  • A
  • A+

Elmdə alim qadın uğuru – akademik İradə Hüseynova

Hər bir alim qiymətlidir, hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır.

Ulu Öndər Heydər Əliyev

XXI əsr Azərbaycanının elmi-ictimai mühitində alim qadın nümunələri nəzər-diqqəti cəlb edir. “Qadın və elm” anlayışı geniş, çoxşaxəli məna daşıyır, alim qadın özünü təkcə əqli və elmi fəaliyyəti ilə göstərmir, o həmçinin ətrafındakı insanlara dəstək olan, cəmiyyətin inkişafına töhfə verən, özünü təsdiqləyən şəxsiyyətdir.

Qadın alimlərimiz elmi fəaliyyətin tələb etdiyi yüksək intellekt və biliklər, zəhmət, daxili güc və özünəinamla cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı ilə seçilir, təhsili, elmi nailiyyətləri, mədəni dünyagörüşü və əməkdaşlığa açıq olmaları ilə təkcə elmi mühitdə deyil, ümumən cəmiyyətdə nümunəvi şəxsiyyətlər kimi tanınırlar.

XX əsrin əvvəllərindən etibarən elmi və ictimai fəallıqları ilə seçilən qadın alimlərimiz XXI əsrdə də öz işlərində keyfiyyət, səmərəlilik və yeni dünya reallıqlarına uyğun adaptasiya bacarıqları nümayiş etdirirlər. Qadın alimlər dövlətin elm siyasətinin həyata keçirilməsində, biliklər cəmiyyətinin formalaşdırılmasında və milli elmin qlobal inteqrasiyasında mühüm rol oynayırlar.

Azərbaycanda qadınların elmi potensialını reallaşdırmaları üçün zəruri institusional və sosial mühit formalaşdırılmışdır. Rəsmi statistikaya əsasən, ölkəmizdə elm və təhsil sahələrində qadınlar əhəmiyyətli say üstünlüyünə malikdirlər. Bu, sadəcə statistika deyil, həm də qadınların elm və cəmiyyətin inkişafında fəallığının, müasir çağırışlara cavab verə bilən intellektual qüvvə kimi çıxış etmələrinin göstəricisidir.

Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki: “Nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur.”

Bu baxımdan, görkəmli alim, Böyük Heydər Əliyev Yolunun layiqli elmi təbliğçilərindən biri, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, AMEA Qadınlar Şurasının kuratoru akademik İradə Hüseynovanın həyatı, elmi, elmi-təşkilati və ictimai fəaliyyəti Azərbaycan alim qadınının elmi tədqiqatlar, elmi fəaliyyətin təşkili, təbliği və idarəolunması sahələrində bir uğur nümunəsidir. Akademik İradə Hüseynova müasir Azərbaycan elmində qadın alim üçün vacib olan xüsusiyyətlərin – universal savadlılıq, davamlı elmi nailiyyətlər, maarifpərvərlik, sosial çeviklik, davranışda mədənilik və ictimai-etik rəhbər məsuliyyətlinin daşıyıcısıdır.

Elmdə qazanılmış uğurlar. Biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü İradə Hüseynova biokimya, bioadaptasiya, molekulyar genetika, molekulyar biologiya və biotexnologiyalar kimi mühüm elm sahələrində qiymətli tədqiqatlar aparır. Alim 500-ə yaxın məqalənin (onlardan 100-dən çoxu yüksək impakt faktorlu jurnallarda çap edilib), 7 monoqrafiya, 4 kitab, 6 buklet, 13 kitab fəsli, 1 metodik vəsait və 2 patentin müəllifidir.  

Akademik İradə Hüseynova fotosintezin biokimyası, biofizika və molekulyar biologiya sahəsində yüksəkixtisaslı mütəxəssisdir. Alim tərəfindən ali bitkilərin fotosintetik membranlarının əsas struktur-funksional komponentləri olan piqment-zülal komplekslərinin sintezi, yığılması və formalaşması proseslərinin molekulyar-genetik mexanizmləri kompleks şəkildə tədqiq olunmuş, bitkilərin ekstremal şəraitə uyğunlaşmasında fotosintetik dəyişikliklərin mümkün rolu müəyyənləşdirilmiş və bitkilərin abiotik (quraqlıq, şoranlıq, radiasiya) və biotik (virus, fitoplazma) streslərə qarşı davamlılığının müdafiə-adaptasiya proseslərinin əsasları aydınlaşdırılmışdır. İlk dəfə olaraq Azərbaycanda mədəni və yabanı tərəvəz bitkilərində seroloji və molekulyar metodlarla RNT- və DNT-genomlu viruslar və bu virusların qarışığı aşkar edilmiş, onların molekulyar identifikasiyası aparılmış və patogenlə yoluxmuş bitkilərin biokimyəvi, fizioloji və biofiziki xüsusiyyətləri öyrənilmişdir.

Akademik İradə Hüseynova AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədri, “AMEA-nın Məruzələri” jurnalının redaksiya heyətinin üzvü, AMEA tərəfindən nəşr olunan “Həyat Elmləri və Biotibb Jurnalı”nın baş redaktorunun müavini, “Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri” jurnalının baş redaktorudur.

2010-2018-ci illərdə AR Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya üzrə Elmi şurasının elmi katibi, sədr müavini, 2021-2024-cü illərdə Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının sədri olmuşdur.

O, uzun illər UNESCO yanında Bioetika, elmi biliklərin və texnologiyaların etikası üzrə Milli Komitənin sədr müavini olmuş, 2022-ci ildən birinci müavinidir.

Alim Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 2 cildlik III nəşrinin ərsəyə gətirilməsində baş redaktorun müavini (məsul şəxs) kimi səmərəli fəaliyyət göstərmişdir.

İradə Hüseynova 1999-cu ildən etibarən Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Molekulyar biologiya fənni üzrə ümumi kursdan, BDU-nun (2016-2023-cü illərdə həmçinin AMEA-nın) magistraturasında müxtəlif ixtisas kurslarından mühazirələr aparır. BDU-nun Molekulyar biologiya və biotexnologiyalar kafedrasının professorudur. Onun rəhbərliyi ilə 60 magistr dissertasiyası müdafiə olunmuşdur. Akademik İradə Hüseynova Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin, Avropa Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin (FEBS), Avropa Bitki Bioloqları Cəmiyyətinin (FESPB), Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin Rəyasət Heyətinin, Azərbaycan Botanika və Bitki Fizioloqları cəmiyyətlərinin üzvüdür. Alim bir çox beynəlxalq və yerli konfransın təşkilatçısı, moderatoru, məruzəçisi və iştirakçısı olmuşdur.

Akademik İradə Hüseynova beynəlxalq elmi jurnallarda ən çox çap olunan, elmmetrik göstəriciləri yüksək olan Azərbaycan alimlərindən biridir.  Yuxarıda qeyd edildiyi kimi, alimin nüfuzlu beynəlxalq bazalarda indeksləşən yüksək impakt faktorlu jurnallarda 100-dən çox məqaləsinin dərc edilməsi əhəmiyyətli nailiyyətdir. Bu məqalələrdə biokimya, molekulyar biologiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və s. sahələrdə tədqiqatlarının nəticələrini təqdim etmişdir. Onun elmi əsərlərinə həm yerli, həm də beynəlxalq elmi tədqiqatçılar istinad edir.

Dövlətçilik və elm siyasəti: Akademik İradə Hüseynova Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin elmi ictimaiyyət qarşısında qoyduqları tələb, hədəf və tapşırıqları elmi-praktiki yöndə həyata keçirən, Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi elmi-siyasi məruzələrlə çıxışlar edən, dövlətçiliklə əlaqədar çoxsaylı tədbirlər təşkil edərək reallaşdıran vətənpərvər alimdir.

Etik və şəxsi keyfiyyətlər: Aşkarlıq, intizam, tələbkarlıq, operativlik, dürüstlük və məsuliyyət kimi xüsusiyyətlər akademik İradə Hüseynovanın fəaliyyətinin və şəxsiyyətinin əsas göstəriciləridir. Onun elmi və təşkilati fəaliyyəti bu prinsiplərə əsaslanır və rəhbərlik etdiyi bütün strukturlarda özünü aydın şəkildə göstərir. İstər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, istərsə də Biologiya və Tibb Elmləri Bölməsinin rəhbəri və AMEA Qadınlar Şurasının kuratoru kimi fəaliyyətində o, diqqətcil, prinsipial və qayğıkeş rəhbər obrazı ilə seçilir.

Akademik İradə Hüseynovanın idarəçilik üslubu həm əməkdaşların elmi potensialının düzgün yönləndirilməsində, həm də elm mühitində sağlam və ədalətli iş atmosferinin formalaşmasında mühüm rol oynayır.

Elmi-ictimai fəaliyyəti. Akademik İradə Hüseynovanın media və ictimaiyyət qarşısındakı fəal çıxışları onun yalnız elm adamı kimi deyil, həm də ictimai-elmi və mədəni-siyasi təmsil gücünə malik nüfuzlu bir şəxsiyyət olduğunu nümayiş etdirir. O, cəmiyyətə elm vasitəsilə təsir göstərməyi bacaran nadir alimlərdən biridir.

Xüsusilə, COVİD-19 pandemiyası dövründə akademik İradə Hüseynova elmi ictimaiyyəti səfərbər edən, çoxsaylı konfrans və seminarların təşkili ilə elmi biliklərin yayılmasına töhfə verən əsas fiqurlardan biri olmuşdur. Eyni zamanda, akademik müvafiq istiqamətdə yerli alimlər tərəfindən aparılan tədqiqatların təşviqinə və elmi müəssisələrin fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirmişdir.

Akademik İradə Hüseynova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AMEA tərəfindən həyata keçirilən tədbirlərin əsas əlaqələndiricisi olmuş, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən müxtəlif tədbirlərdə fəal iştirak etmiş, ekologiya, biomüxtəliflik və dayanıqlı inkişaf mövzularında çıxışları ilə diqqət çəkmişdir.

Elmdə gender bərabərliyi sahəsində fəaliyyət: Gender balansının təşviqini prioritet istiqamətlərdən biri kimi qəbul edən akademik İradə Hüseynova qadınların elmdə fəal iştirakını ardıcıl şəkildə dəstəkləyən və bu sahədə mühüm təşəbbüslərlə çıxış edən nüfuzlu alimlərdəndir. Xüsusilə, gənc qızların elmi fəaliyyətə cəlb olunması, onların uğurlarının tanıdılması və stimullaşdırılması istiqamətində gördüyü işlər diqqətəlayiqdir. O, Azərbaycanın tanınmış qadın alimlərinin nailiyyətlərini daim ön planda saxlayır, həm bir institut rəhbəri, həm də AMEA-nın vitse-prezidenti olaraq çıxışlarında bu alimlərin cəmiyyət və elmin inkişafına verdiyi töhfələri daim vurğulayır. Akademik İradə Hüseynovanın təşəbbüsü ilə elmi kollektivlərdə qadınların fəallığının artmasına şərait yaradan mühitin formalaşması elmə cəlbetmə prosesində gender bərabərliyinin təmininə xidmət edən mühüm addımlardan biridir.

Təhsil və mentorluq: Akademik İradə Hüseynova yalnız tanınmış tədqiqatçı kimi deyil, həm də yeni alim nəslinin yetişdirilməsində və onların qlobal elmi mühitə inteqrasiyasında mühüm rol oynayan bir elm xadimi kimi fərqlənir. Onun rəhbərliyi və təşəbbüsləri nəticəsində gənc alimlərin beynəlxalq elmi qurumlarla əməkdaşlığı genişlənir, Azərbaycan elmi qlobal elmi birliyə daha sıx şəkildə inteqrasiya olunur.

Bununla yanaşı, akademikin biologiya və ekologiya, mədəniyyət və siyasət kimi müxtəlif sahələr üzrə etdiyi çıxışlar, elmi maarifləndirmə fəaliyyəti elm və cəmiyyət arasında körpü rolunu oynayır. Bu dialoqlar geniş auditoriyada elmi düşüncənin formalaşmasına, elmin cəmiyyətə yaxınlaşmasına və ictimai marağın yüksəlməsinə əhəmiyyətli töhfələr verir.

Elmi ənənə ilə innovasiyanın vəhdəti: Akademik İradə Hüseynovanın elmi fəaliyyətində klassik fundamental yanaşmalarla müasir elmi-texnoloji innovasiyaların sintezi xüsusi yer tutur. Onun tədqiqatçı yanaşması elmdə dayanıqlı inkişafın və yeniliklərin harmonik vəhdətini əks etdirir, bu isə alimi müasir Azərbaycan elminin aparıcı simalarından birinə çevirir.

Eyni zamanda, İradə Hüseynovanın milli və beynəlxalq platformalarda Azərbaycanı təmsil etməsi, təkcə ölkənin elmi potensialının deyil, həm də Azərbaycan qadın alimlərinin dünya elmi ictimaiyyətində tanınmasına mühüm töhfələr verir. Bu təmsilçilik elm və cəmiyyət arasında körpü olmaqla yanaşı, qadınların elmdə fəallığını təşviq edən mühüm nümunədir.

Akademik İradə Hüseynova kənd təsərrüfatı sahəsində fundamental tədqiqatlara və əldə edilən əhəmiyyətli nəticələrə görə akademik Cəlal Əliyevlə birlikdə AMEA-nın Həsən Bəy Zərdabi adına mükafatı (2014), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı (2019), “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)" Azərbaycan Respublikasının yubiley medalı (2021), AMEA-nın fəxri fərmanları (2006, 2010, 2015, 2020, 2021, 2023), “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (2023), “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı (2024) ilə təltif olunmuş, İqtisadi Əməkdaşlıq Təşkilatının 2023-cü il üzrə elm və texnologiya sahəsi üzrə xüsusi mükafatına, Rusiya Təbiət Elmləri Akademiyasının “EkoMir-2024” beynəlxalq ekologiya mükafatına layiq görülmüşdür.

Akademik İradə Hüseynovanın bir qadın alim kimi elmi nailiyyətləri, institusional çevik idarəçiliyi və yeniliklərə açıq olması onu yalnız elmi və elmi-təşkilati fəaliyyətdə deyil, həm də genderşünaslıq sahəsində dəyərli nümunəyə çevirir.

AMEA Qadınlar Şurası alim və ictimai fəal qadınlar adından akademik İradə xanım Hüseynovanı səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, elmi, elmi-təşkilati və ictimai fəaliyyətində yeni-yeni nailiyyətlər, uğurlar arzulayır.

Rəna MİRZƏZADƏ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: