Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda IV respublika elmi konfransı keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 və Mərkəzi Elmi Kitabxananın yaranmasının 100 illiyinə həsr olunan konfransda AMEA elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin kitabxana müdirləri, Yasamal rayon üzrə YAP ərazi partiya təşkilatlarının sədrləri, ictimai xadimlər, media nümayəndləri iştirak edib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransı giriş nitqi ilə açaraq bildirib ki, 100 illik yubileyini qeyd edən Mərkəzi Elmi Kitabxana ölkənin aparıcı elmi kitabxanası kimi fəaliyyət göstərir.
Akademik vurğulayıb ki, bu gün kitabxananın fəaliyyətində əsas istiqamət “Elektron Kitabxana” konsepsiyası çərçivəsində oxuculara müasir xidmət modelinin hazırlanıb tətbiq edilməsidir. Akademik son dövrlərdə bu istiqamətdə mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib. Vurğulanıb ki, kitabxana fondunda mövcud olan nəşrlərin elektron nüsxələrinin hazırlanması sahəsində ciddi irəliləyişlər əldə olunub, oxuculara ikinövbəli iş rejimində xidmət göstərilir və yenilənmiş veb sayt vasitəsilə dünya kitabxanalarına birbaşa çıxış təmin edilir.
AMEA rəhbəri diqqətə çatdırıb ki, dünyada baş verən sürətli texnoloji dəyişikliklər kitabxanaların funksiyalarını yenidən müəyyənləşdirir. Bu baxımdan, "Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar" adlı konfrans olduqca əhəmiyyətli və aktualdır.
Akademik qeyd edib ki, bu gün cəmiyyətin bütün sahələrində yeni texnologiyaların tətbiqi, rəqəmsallaşma və süni intellekt imkanları geniş şəkildə müzakirə olunur. Müasir dövrdə kitabxana artıq yalnız kitabların saxlandığı məkan deyil, həm də rəqəmsal informasiya platforması, elmi araşdırma mərkəzi və innovativ biliklərin ötürücüsünə çevrilir.
Akademiya rəhbəri onu da qeyd edib ki, AMEA Rəyasət Heyəti tərəfindən Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı qərar qəbul olunub və bu münasibətlə müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Ölkənin əsas kitabxanalarından biri olan Milli Kitabxana ilə AMEA Mərkəzi Elmi Kitabxanası arasında qarşılıqlı etimada əsaslanan geniş əməkdaşlıq həyata keçirildiyini vurğulayan akademik İsa Həbibbəyli MEK-in yubileyi və Milli Kitabxananın yaranma günü münasibətilə hər iki qurumu təbrik edərək bu əlamətdar hadisəni Azərbaycan elminin bayramı kimi dəyərləndirib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev AMEA-nın yaranmasının 80, MEK-in 100 illik yubileyləri münasibətilə tədbir iştirakçılarını təbrik edib, elmi fəaliyyət istiqamətində bu qurumların önəmindən bəhs edib. Natiq Ulu Öndərin ölkəyə rəhbərliyinin hər iki dönəmində Azərbaycan elminə, xüsusən Milli Elmlər Akademiyasına göstərdiyi diqqət və qayğının canlı şahidi olduqlarını qeyd edib.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov cəmiyyət üçün göstərilən xüsusi xidmətləri, bilik və məlumatlandırma sahəsindəki fəaliyyətlərini vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edib. O, həmçinin Ulu Öndərin ölkədə kitabxana işinin inkişafı sahəsindəki misilsiz xidmətlərini diqqətə çatdıraraq rəhbəri olduğu kitabxananın Ümummilli Liderə həsr olunan nəşrlərini MEK-ə təqdim edib.
Orta əsrlərdən zəmanəmizə qədər kitabxanaların inkişaf mərhələləri haqqında geniş məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru professor Afət Abbasova müasir elektron kitabxana sisteminin əhəmiyyətini diqqətə çatdıraraq rəhbəri olduğu qurumda onların tətbiqi və həyata keçirilən onlayn layihələrdən danışıb.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, fil.ü.f.d. Ələmdar Bayramov çıxışı zamanı fakültə əməkdaşları, doktorant və magistrantların konfransdakı aktiv iştiraklarını MEK-lə günü-gündən inkişaf edən əməkdaşlığın növbəti mərhələsi adlandırıb. Çıxışçı konfransın aktuallığını bir daha xatırladaraq bütün məruzəçilərə uğurlar arzulayıb.
Plenar iclasda, həmçinin MEK-in əməkdaşı fil.ü.f.d. Şəfəq Əliyeva kitabxananın yaranma tarixindən, 100 il ərzində keçdiyi şərəfli inkişaf yolundan, bugünki fəaliyyətindən, beynəlxalq elmi qurumlarla səmərəli əlaqələrindən danışıb.
Sonda çıxış edən Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bir əsrlik tarixə malik AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə yeni binasının açılışının baş tutduğunu və bu hadisənin dövlətin elmə, kitaba, kitabxanaya verdiyi xüsusi diqqətin təcəssümü olduğunu vurğulayıb. Çıxışı zamanı H.Hüseynov sayca dördüncü dəfə keçirilən konfransa xüsusi marağın olduğunu, təxminən 150-yə yaxın tezisin qəbul edildiyini vurğulayıb.
Direktor son bir ildə kitabxananın elektronlaşması istiqamətində atılan mühüm addımlardan, o cümlədən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrdən də danışıb.
Konfrans işini “Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”, “Rəqəmsal kitabxanaların formalaşdırılması və idarə olunması”, “Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə”, “Kitabxanalarda istifadəçi təcrübəsinin təkmilləşdirilməsi üçün innovativ yanaşmalar”, “İnteraktiv multimedia və rəqəmsal sərgilərin təşkili” bölmələri üzrə davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.