Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.05.2025 12:10
  • A-
  • A
  • A+

Gəncə Bölməsində Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Gəncə Bölməsində Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və Bölmənin gənc alim və mütəxəssislər şurası “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

AMEA-nın Gəncə Bölməsinin sədrinin ümumi işlər üzrə müavini Rasim Tağıyev dəyirmi masanı açaraq bugünkü görüşün Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamının müddəalarına müvafiq olaraq təşkil edildiyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan və müasir dövrdə onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırdığı dövlətçiliyimizin strateji hədəflərinin, eləcə də Şərqdə ilk demokratik respublika kimi 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin 107-ci ildönümü ərəfəsində onun tarixi təcrübəsinin cəmiyyətə elmi cəhətdən çatdırılması məsələsində, xüsusən də bu əlamətdar ildə, alim və tədqiqatçıların öhdəsinə böyük vəzifələr  düşdüyünü bildirib.

Dəyirmi masanın məruzələri ilə AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Ümummilli Lider “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti”, AMEA-nın Gəncə Bölməsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin tarixi missiyasi”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü”, AMEA-nın  Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun arxeologiya şöbəsinin kiçik elmi işçisi Aytən İsayeva “Azərbaycan Xalq Cümhuriyyəti: Demokratiyanın ilk addımları”, AR ETN Bioresurslar İnstitutunun (Gəncə) boyaq email laboratoriyasının böyük laborantları Zərifə Yusubova  “28 may - Azərbaycanın Milli Qürur Günü” və Naimə Məhərrəmova “Müstəqillik  Günü ve dövlətçilik” mövzuları üzrə çıxış ediblər.

Çıxışlar ətrafında müzakirələr aparılıb, həmçinin iştirakçılar onları maraqlandıran suallar və mülahizələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: