Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli alim və ictimai xadim, akademik Musa Əliyevin ömrünün son illərində qələmə aldığı, xatirələrinin toplandığı “Ömrüm” adlı xatirələr kitabının təqdimatı keçirilib.
Mərasimdə muzeyin direktoru akademik Rafael Hüseynov fundamental tədqiqatları ilə Azərbaycan elminin inkişafına mühüm töhfələr vermiş Musa Əliyevin yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərdiyini, onun AMEA-nın prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə etdiyini bildirib.
O, təqdimatı keçirilən kitabın xalqa, dövlətə qulluq örnəyinin şərəfli salnaməsi olduğunu vurğulayıb: “Zahirən bir insanın ömür yolu haqqında düşüncələr, onun görüb-eşitdikləri, ömründən keçən hadisələr barədə qeydlər təsiri bağışlayan bu xatirələr elə bir tarix parçasını əks etdirir ki, o, sadə bir kitab olmaqdan kənara çıxıb epoxanın mənzərəsini canlandıran salnaməyə çevrilib”.
Akademik Rafael Hüseynov qeyd edib ki, kitabın müəllifi unudulmaz elm və dövlət xadimi Musa Əliyev 1950-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub. Kitabı vərəqlədikcə, onun mürəkkəb dövrdən baş çıxarması, necə sağ qalması, vicdanını, ləyaqətini necə qoruması heyrət doğurur. Alimin ömür yolu haqqında yazdıqlarını oxuduqca düşünürsən ki, o, yeniliyini, düsturunu gətirməyə, öz yolunu açmağa çalışıb. Musa Əliyev elə bir ömür yaşayıb ki, övladları, nəslinin davamçıları, onu tanıyanlar həmişə bu insanla fəxr ediblər.
Bildirilib ki, akademik Musa Əliyevin rəhbərliyi ilə 1950-1970-ci illər üçün Azərbaycanın inkişaf perspektivləri ilə bağlı layihə hazırlanıb. Bunlardan Azərbaycanda metro, Milli Dram Teatrı, Milli Kitabxana, Şamaxıdakı Rəsədxana, Sumqayıtda Boru prokat zavodu, Gəncədə Alüminium zavodu, Elmlər Akademiyası və digər vacib əhəmiyyətli tikintiləri xatırlatmaq olar. Ömrünün son illərində Musa Əliyev xatirələrini, ömründən keçən hadisələri yazmağa başlayıb. Bu kitab mühüm bir sənəddir, tarixin aynasıdır.
Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli alimin Azərbaycan elminin inkişafındakı xidmətlərini xatırladıb, onun böyük elm təşkilatçısı olaraq səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, Akademiya rəhbərlərindən indiyədək memuar yazanı olmayıb. Musa Əliyevin kitabı ilk belə qiymətli əsərdir.
Akademik İsa Həbibbəyli bildirib ki, bu kitabda müəllif, sanki, XX əsri bizə yenidən təqdim edir, Akademiyanın tarixinin yüksəliş dövrü barədə indiki nəslə dəyərli məlumatlar verir.
Tədbirdə Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə, AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və professor Dilarə Seyidzadə Musa Əliyevin çoxcəhətli elmi-təşkilati və ictimai-siyasi həyatını müxtəlif yönlərdən səciyyələndirib, yeni nəşri qiymətli tarixi-sənədli mənbə kimi dəyərləndiriblər.
Musa Əliyevin nəvəsi Cəmilə Paşayeva-Seyidzadə Parisdə UNESCO-da babasının yubileyinin təntənə ilə keçirildiyini xatırladıb, onun ömür yolu ilə qürur duyduqlarını deyib.
Sonda ADA Universitetinin rektoru professor Hafiz Paşayev kitabın ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına təşəkkür edib. Bildirib ki, bu nəşr akademik Musa Əliyevin həmişəyaşar irsini bir daha xalqımıza qaytardı.
Mərasimdə iştirak edən Milli Məclisin deputatları, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri akademik Musa Əliyevin ömür yolunun müxtəlif səhifələrini əks etdirən stendlə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.