AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Tokio Universiteti arasında 2023-cü ildə bağlanmış müqaviləyə əsasən, 2026-cı ilin 25 iyul tarixindən etibarən Xocavənd rayonunun Böyük Tağlar kəndində yerləşən Tağlar mağarasında Azərbaycan–Yaponiya birgə beynəlxalq arxeoloji tədqiqatların üçüncü mövsümü başlayıb.
Qeyd etmək lazımdır ki, mağara 1960-cı ildə Azərbaycan paleolitşünaslığının banisi Məmmədəli Hüseynov tərəfindən qeydə alınmışdır.
1964–1986-cı illərdə fasilələrlə aparılmış tədqiqatlar nəticəsində mağaranın mövcud çöküntüsünün üçdə iki hissəsi öyrənilmişdir. Nəticədə müəyyən olunmuş altı mədəni təbəqədən 9 mindən artıq arxeoloji nümunə aşkar edilmişdir ki, bunların böyük əksəriyyəti Orta Paleolit dövrünə aiddir.
Məlum olduğu kimi, Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Azərbaycan arxeoloqlarının burada tədqiqatlarını davam etdirmək imkanı olmamışdır. Hazırda Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun rəhbərliyi ilə aparılan tədqiqatlarda aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, elmi işçilər Ülviyyə Səfərova, Pərivəs Babai və laborant Arif Qafarov, Yaponiya tərəfindən isə Tokio Universiteti Muzeyinin direktoru (The University Museum, The University of Tokyo/UMUT) və Çiba Texnologiya İnstitutunun geokosmoloji tədqiqatların fənlərarası perspektivdən təşviqi üzrə direktor müavini professor Yoşihiro Nişiakinin rəhbərlik etdiyi elmi heyət iştirak edir. Tədqiqatlarda arxeoloqlarla yanaşı, Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının üzvü Faiq Nəsibov, həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Xocavənd rayonu üzrə baş mütəxəssisi Rahim Cəfərov da iştirak edir. Qeyd etmək lazımdır ki, İnstitutun həyata keçirdiyi genişmiqyaslı könüllü proqram çərçivəsində üç tələbə də qazıntılara cəlb olunmuşdur. Bu, onların nəzəri biliklərinin möhkəmlənməsinə, tarix və mədəniyyət abidələrimizi yaxından tanımasına imkan verir.
Qeyd edək ki, aparılmış tədqiqatlar nəticəsində mağaranın mədəni təbəqələrinin mütləq əksər hissəsi Orta Paleolit (Mustye mədəniyyəti) dövrünə aid edilsə də, Üst Paleolit nümunələri də qeydə alınmışdır. Mağarada insanların ən azı 100–35 min il əvvəl yaşadığı maddi nümunələrlə təsdiqlənsə də, hazırda mütləq yaşın müəyyən olunması üçün radiometrik təhlillər aparılır. Beləliklə, Tağlar mağarasının tədqiqi neandertal tipli insanların miqrasiyası və məskunlaşması məsələsinin öyrənilməsi ilə yanaşı, müasir tipli insanlarla münasibətlərinə də aydınlıq gətirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə tədqiqatlarda bütün müasir qazıntı texnikası və üsulları tətbiq olunmaqla multidissiplinar araşdırmalar aparılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.