Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.08.2026 12:42
  • A-
  • A
  • A+

Şəmkir Arxeoloji Yay Məktəbinin yekunlarına həsr olunmuş onlayn elmi seminar keçirilib

Şəmkir Arxeoloji Yay Məktəbinin yekunlarına həsr olunmuş onlayn elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin iştirakı ilə keçirilmiş Şəmkir Arxeoloji Yay Məktəbinin yekunlarına həsr olunan “Tələbələr yay arxeoloji məktəbində” adlı onlayn elmi-praktik seminar təşkil edilib.

Seminarın proqramında BDU, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və digər qurumların nümayəndələri, həmçinin yay məktəbinin iştirakçısı olan tələbələrin çıxışları yer alıb.

Seminarı “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nurlan Həsənov moderator kimi açıb. Tədbirdə Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, fizika üzrə elmlər doktoru Hüseyn Məmmədov, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni İrsin Qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov çıxış ediblər.

Seminarda Şəmkir arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə elmlər doktoru Tarix Dostiyev, BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov, ekspedisiyanın aparıcı elmi işçisi, dosent Rəşid Bəşirov, kiçik elmi işçi Zümrüd İmanova və elmi işçi Vüsalə Beydullazadə yay məktəbinin gedişi, aparılmış arxeoloji tədqiqatlar, tələbələrin qazıntılarda və elmi-praktik məşğələlərdə iştirakı barədə məlumat veriblər.

Çıxışlarda 1–10 avqust tarixlərində Qədim Şəmkir şəhər yerində keçirilmiş Arxeoloji Yay Məktəbinin nəticələri ümumiləşdirilib. Bildirilib ki, proqram müddətində tələbələr arxeoloji qazıntıların aparılması, mədəni təbəqə və stratiqrafiyanın öyrənilməsi, aşkar olunan tikili qalıqlarının, təndirlərin və döşəmə səviyyələrinin təmizlənməsi və sənədləşdirilməsi prosesində bilavasitə iştirak ediblər. Onlara arxeoloji tapıntıların qeydiyyatı və ilkin emalı, keramika materiallarının öyrənilməsi, çöl sənədlərinin hazırlanması ilə bağlı praktiki bilik və bacarıqlar aşılanıb.

Yay məktəbinin mühüm istiqamətlərindən biri rəqəmsal arxeologiya olub. Tələbələr arxeoloji keramikanın fotoqrammetriya üsulu ilə sənədləşdirilməsi və 3D modellərinin hazırlanması, rəqəmsal memarlıq təsvirləri və müasir sənədləşdirmə metodları üzrə nəzəri və praktiki təlimlərdə iştirak ediblər. Bununla yanaşı, proqram çərçivəsində Qədim Şəmkirin tarixi-arxeoloji irsi, arxeoloji turizm potensialı və mədəni irsin qorunması məsələlərinə də xüsusi diqqət yetirilib.

Seminarın diqqətçəkən hissələrindən biri yay məktəbində iştirak etmiş tələbələrin öz təcrübələrini təqdim etməsi olub. BDU Tarix fakültəsinin magistrantları Elmir Qəmbərli, Əsginaz Yusifli, Nihad Şükürov və Cavidan Qafarov, bakalavr tələbələri Ayşən Süleymanlı və Amin Əliyev, həmçinin Sumqayıt Dövlət Universitetinin tələbəsi Pərvin Tağıyev yay məktəbində qazandıqları təcrübə və praktiki biliklərlə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə vurğulanıb ki, Arxeoloji Yay Məktəbi universitet təhsilinin sahə tədqiqatları ilə əlaqələndirilməsi, tələbələrin arxeoloji ekspedisiyanın real iş prosesinə cəlb edilməsi, onların nəzəri biliklərinin praktik bacarıqlarla tamamlanması və müasir arxeoloji tədqiqat metodlarının gənc mütəxəssislərə öyrədilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yay məktəbinin nəticələrinin elmi seminar formatında müzakirəsi isə tələbələrin əldə etdikləri bilik və təcrübəni ümumiləşdirməsinə və elmi ictimaiyyətlə bölüşməsinə imkan yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: