“Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Türkiyə Cümhuriyyətindən dəvət olunmuş mütəxəssislər – Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşe və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisi Hilal Beydemirin rəhbərliyi ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda elmi-praktiki təlimlər keçirilib.
Qeyd edək ki, təlimlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.
7 avqust tarixində təlim proqramına uyğun olaraq günün birinci yarısında Göytəpə neolit dövrü yaşayın məskənində (Tovuz rayonu) və orta əsr “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində keçirilən sahə praktikaları zamanı iştirakçılara LiDAR və fotoqrammetriya texnologiyalarının arxeoloji tədqiqatlarda tətbiqi, arxeoloji obyektlərin yüksək dəqiqliklə rəqəmsal sənədləşdirilməsi, məkan məlumatlarının toplanması, ölçmə işlərinin aparılması və üçölçülü (3D) modelləşdirmənin əsas prinsipləri praktiki şəkildə öyrədilirdi. Göytəpə abidəsində mütəxəssis qrupunun apardığı təlimlər barədə ictimaiyyətə yetərli məlumat verilmişdir.
Qədim Şəmkir şəhəri ərazisində aparılan arxeoloji tədqiqatlara rəhbərlik edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun professoru, Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarix elmləri doktoru Tarix Dostiyev, aparıcı elmi işçi, t.ü.f.d., dosent Rəşid Bəşirov, həmçinin, “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müdiri Nurlan Həsənov təlim iştirakçılarına şəhərin tarixi, qazıntılar və onun nəticələri barədə geniş məlumat verdilər. Daha sonra türkiyəli mütəxəssislər qədim şəhər ərazisindəki tikinti qalıqlarının LiDAR texnologiyalı cihazlarla skan edilməsi üzrə təlimlərə başladılar. Təlimlərə arxeoloqlarla yanaşı Bakı Dövlət Universitetinin tələbələri də qatılmışlar. Belə ki, AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Bakı Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində Şəmkir Arxeoloji Ekspedisiyasında BDU-nun tarix ixtisası üzrə təhsil alan tələbələri üçün “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Arxeoloji Yay Məktəbi keçirilir.
Təlimlərdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun gənc əməkdaşları ilə yanaşı, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Arxeologiya və etnoqrafiya” şöbəsinin əməkdaşları da iştirak edirlər.
Qeyd edək ki, təlimlər üçün AMEA Arxeologiya və Antropologiya İnstitutunun satınalmalar vasitəsilə əldə etdiyi yeni avadanlıqlar - Apple iPad Pro planşetləri istifadə edilməkdədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.