Azərbaycanda ilk dəfə olaraq AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda “Bağ məlhəmi” adlı effektiv məhsulun kütləvi istehsalı həyata keçirilir. Tam yerli xammal bazası əsasında hazırlanmış bu məhsul ölkə iqliminə və müasir tələblərə uyğunlaşdırılmaqla yanaşı, həm də ekoloji cəhətdən də zərərsizdir.
Hər bir bitki növü, xüsusən də meyvə ağacları, yaşadıqları dövr ərzində müxtəlif zədələrə (təbiət hadisələri, insan amili, meyvə ağırlığından və s.) məruz qalır. Qırılma, çatlama və kəsik hissələrində ağac gövdəsinin bütövlüyünü təmin edən qoruyucu qabıq hissələri müxtəlif dərəcədə zədələnir ki, bu da öz növbəsində, bitkinin ümumi qidalanma zəncirinin pozulmasına gətirib çıxarır. Beləliklə, dərin və irimiqyaslı zədələr zamanı əlavə qoruyucu vasitələrdən istifadə olunmasına ehtiyac yaranır.
Belə ki, Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi “Bağ məlhəmi” mart və noyabr aylarında həyata keçirilən budama işləri zamanı meyvə ağaclarında budamadan sonra yaranan göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istifadə olunur.
Preparat bağ şəraitində sınaqdan keçirilir, sınaqlar müsbət nəticə verdikdən sonra bütün parametrlər təyin olunur və analitik mərkəz tərəfindən məhsulun keyfiyyətinə nəzarət edilir. Həmçinin “Bağ məlhəmi” Azərbaycanın bir çox regionlarında budama işləri zamanı uğurla sınaqdan keçirilib.
Qeyd edək ki, “Bağ məlhəmi” həm qiymət, həm də keyfiyyət baxımından xarici analoqlarından daha sərfəlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.