Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.06.2021 17:25
  • A-
  • A
  • A+

“Ən yaxşı elmi məruzə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı elmi məruzə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyunun 1-də AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası, müəssisənin YAP Ərazi Təşkilatı və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü və 28 May – Respublika Gününə həsr olunan gənc alim və mütəxəssislər arasında keçirilmiş “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Karantin rejiminin tələblərinə uyğun şəkildə təşkil olunan tədbirdə çıxış edən AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, institutda gənc alim və mütəxəssislərə böyük diqqət və qayğı göstərilir: “Hər bir müəssisənin gələcəyi orada hazırlanan yüksək ixtisaslı kadrlardan – fəlsəfə və elmlər doktorlarından asılıdır. Doktorantura, dissertantura və magistraturaya qəbul olan hər bir gəncin qarşısına qoyduğu əsas hədəflərdən biri də müvafiq elmi dərəcə və adlar qazanmaqla çalışdığı müəssisəyə, bütövlükdə Azərbaycan elminə, eləcə də dünya elminə töhfə vermək olmalıdır”.

V. Fərzəliyev vurğulayıb ki, AKİ-də çalışan gənc alim və mütəxəssisləri daha yüksəksəviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün adlı mükafatların verilməsi, elmi müsabiqələrin keçirilməsi ənənəyə çevrilib: “Bu imkan verir ki, gənc tədqiqatçılar müəyyən qədər həm maddi dəstək ala bilsin, həm də elmi məruzə etmək, məqalə yazmaq vərdişlərinə yiyələnə bilsin, sözün əsl mənasında, sabahın əsl istedadlı alimi kimi yetişsinlər”.

İnstitutun elmi işlər üzrə direktor müavini, sözügedən müsabiqənin Ekspert Komissiyasının sədri, dosent Əfsun Sucayev isə qeyd edib ki, gənclərin elmə həvəslənməsinin əsas yollarından biri də elmi müsabiqələrin keçirilməsidir: “Bu yolla onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq mümkündür. 2012-ci ildən bu müsabiqələrə start vermişik. Hər il bu elmi yarışmaları iki mühüm, respublika əhəmiyyətli hadisəyə həsr edirik. Biri ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü, digəri isə 28 May - Respublika Günüdür”.

O, bu dəfə müsabiqəyə qatılan iştirakçıların pandemiya ilə əlaqədar onlayn dinlənildiyini və nəticələrin qiymətləndirildiyini vurğulayıb.

Sonda müsabiqənin nəticələrinə əsasən, 2 saylı laboratoriyanın gənc əməkdaşı Günay İsmayılova I yerə, 4 saylı laboratoriyanın əməkdaşı Lamiyə Kazımova II yerə, 5 saylı laboratoriyanın əməkdaşı Ulduz Cəfərova III yerə, 3 saylı laboratoriyanın əməkdaşı Nuridə Məmmədova isə həvəsləndirici yerə layiq görülərək, onlara diplom və pul mükafatları təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: