Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kədərimiz və inamımız
26.12.2024 10:38
  • A-
  • A
  • A+

Kədərimiz və inamımız

İlimizin bitəcəyində “Azərbaycan Hava Yolları” şirkətinə məxsus, Bakı-Qroznı reysini yerinə yetirən J2-8243 nömrəli “Embraer 190” təyyarəsinin Aktau şəhərinin 3 kilometrliyində qəzaya uğraması son dərəcə sarsıdıcı xəbər oldu.

Həyatını itirənlərə Allahdan rəhmət, onların doğmalarına, yaxınlarına səbir və dözüm diləyirik.

Əslində bu qüssəli gündə o dərd hamımızındır.

İnsan olan belə faciəyə necə biganə qala bilər?!

Qəzadan sağ qurtaranlara Allahdan şəfa umuruq və dualarımız onlarladır.

Hər insan Allahın müstəsna və təkrarı olmayan tək əsəridir.

Labüd ölümdən salamat qurtararaq yeni ömür qazanmış sərnişinlərin varlığı təyyarə pilotlarının sözə sığmayan qəhrəmanlığı sayəsində mümkün olmuşdur.

Bircə həyatı belə xilas etmək Pərvərdigar dərgahında Cənnəti qazanmaqdır.

Can şirindir, ölümün hənirini lap yaxından hiss edəndə insan ağlından, iradəsindən daha çox hisslərinə tabe olur.

Ölüm təhlükəsinin nə qədər yaxın olduğunu qəza enişi etməyə çalışan təyyarədə hamıdan daha aydın duyan əlbəttə ki, hava gəmisini idarə edənlər idi.

Ölümlə göz-gözə qaldıqları dəqiqələrdə sonadək ləyaqətlə, mərdanəliklə, ilahi alicənablıqla başqalarını düşünüblər, daxili müvazinətlərini itirməyiblər, Allah və İnsanlıq qarşısında borclarını şərəflə yerinə yetiriblər.

Onlar haqqında qəhərlənmədən və iftixar etmədən düşünmək olmur.

Həlak olan ekipaj üzvlərinin pak ruhu qarşısında baş əyirəm!

Onlar sadəcə həlak olmayıblar, onlar şəhidlərdir, onların hər biri daim məhəbbət və ehtiramla anılmalı Vətən yavrularıdır!

Bu anlarda onların hər birini öz doğmam sayaraq dərdlənirəm.

Bu qəmli çağımızda sosial şəbəkədə yazılar paylaşarkən arzu olunmayan qəlb incidən sözləri yazmağı özlərinə rəva bilənlərə, heç birimizdən bu hadisə ilə bağlı heç nəyi çox bilmədikləri halda umulmaz hökmlər verərək matəmimizə haram qatacaq qədər xətaya uğrayanlara İlahi dərrakə verib rəhm etsin!

Millətimizin başı sağ olsun!

Bu ağır dərdimizin içindəki böyük təsəlli, sabaha ən dərin inam oyadan və daim Vətən, millət ruhuna işıq tutacaq Sarsılmaz Qüvvət qəzaya düçar olan təyyarədəki EKİPAJIN mərdliyidir.

Məhz belə övladlarının həmişə var olmasına görə Azərbaycanın əsir torpaqları onillərin həsrətindən sonra azadlığa qovuşdu, məhz belə yenilməz balaların hünəri sayəsində onlarla insan bu təyyarə fəlakətində ölümün caynağından qurtularaq həyata təzədən gəldi.

Nə qədər belə insanlarımız var, bu yurda və millətə zaval yoxdur, nə qədər bu ruh bizimlədir heç bir qara yel bizi düz və haqq yolumuzdan döndərə biləməyəcək, zəfərlər həmişə bizimlə olacaq!

Azərbaycan yaşasın!

Akademik Rafael Hüseynov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: