Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Konstitusiya və Suverenlik İli” dünya azərbaycanlılarının daha sıx birləşməsinə şərait yaradacaq
10.01.2025 15:43
  • A-
  • A
  • A+

“Konstitusiya və Suverenlik İli” dünya azərbaycanlılarının daha sıx birləşməsinə şərait yaradacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin dəqiqləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu qərarı hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün böyük fürsət və imkanlar kimi də dəyərləndirmək mümkündür. Başqa sözlə desək, Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edir.

Bu fikirləri açıqlamasında AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Elnur Mustafayev söyləyib.

Elnur Mustafayev bildirib ki, suverenlik və dövlətçilik müstəqil dövlətlərin mövcudluğunu və tərəqqisini təmin edən mühüm prinsiplərdir. Bu iki əhəmiyyətli amil təkcə dövlətin hüquqi-iqtisadi və siyasi-ideoloji əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Azərbaycan Respublikasında suverenlik və dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın sosial-iqtisadi rifahı üçün geniş imkanlar yaradır. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə hesablanmış strateji mahiyyətini müəyyən etmək üçün yeni vəzifə və öhdəlikləri tələb kimi qarşıya qoyur.

“Düz 30 il əvvəl, yəni 1995-ci il noyabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Ana Yasası olan Konstitusiyamız hazırlanaraq ümumxalq səsverməsi referendum yolu ilə qəbul edildi. Həmin günü ölkədə ilk Konstitusiyamızın qəbul olunduğu gün kimi qeyd edirik. Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danışarkən, heç bir mübaliğəyə yol vermədən, qeyd etmək olar ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsəridir. 1995-ci il iyunun 5-də Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik edib. Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışırdı və buna da nail oldu”, - deyə o əlavə edib.

Alim qeyd edib ki, Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifə və tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdi. Lokal səviyyədə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu hadisəni Azərbaycanın dövlət suverenliyinin formalaşdırılmasında mühüm bir mərhələ hesab etmək olar. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, müdrik siyasəti və şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına əldə olunan bu böyük Zəfər xalqımızın milli sərvətidir.

“Bu gün Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir. Tam əminliklə qeyd etmək mümkündür ki, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizin yeni baxış bucağından öyrənilməsinə, cəmiyyət və müxtəlif ictimai təsisatlar arasında milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə, dünya azərbaycanlılarının bir hədəf və amal ətrafında daha sıx birləşməsinə şərait yaradacaq. Bu tarixi qərar Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün nümayişi və ifadəsidir”, - deyə alim fikrini yekunlaşdırıb.

AzərTac

  • Paylaş: