Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2024-cü ildə müasir kitabxana xidmət sahələrinə inteqrasiya edərək, həm elmi araşdırmalara, həm də cəmiyyətin məlumat ehtiyaclarının qarşılanmasına öz dəstəyini göstərib, oxuculara müxtəlif mövzularda biblioqrafik xidmətlər təqdim etməklə Azərbaycanın elmi və mədəni inkişafının təmin edilməsinə öz töhfəsini verib.
Ötən 2024-cü ildə müasir dövrün qarşıya qoyduğu tələblərə uyğunlaşmaq üçün kitabxana öz iş prinsiplərində dəyişikliklər tətbiq edib. Belə ki, xidmət işini təkmilləşdirmək məqsədilə fondlardan oxucuların verdiyi sənəd sifarişinin vaxtı iyun ayından etibarən saat 20:00-dək uzadılıb. Bu yeniliyin tətbiqi oxuculara kitabxana-informasiya xidmətinin səviyyəsinin yüksəldilməsini, onlara operativ, dolğun informasiya xidmətinin həyata keçirilməsini təmin edir. Bundan əlavə, MEK-in fəaliyyəti və zəngin fondları ilə tanış etmək məqsədilə hər ay “Açıq qapı günləri” layihəsi keçirilir. Geridə qalan ilin nailiyyətlərindən biri və AMEA-nın tarixində ilk könüllülük hərəkatı olan “MEK Könüllüləri” də fəaliyyətləri dövründə oxuculara xidmət sahəsində aktiv iştirak ediblər.
Oxucu sorğularının tam və dolğun ödənilməsi üçün MEK ənənəvi fondla bərabər zəngin elektron mətn, audiovizual və müasir dövrün tələblərinə cavab verəcək elektron kataloq sisteminə malikdir. MEK-in elektron kataloqu oxuculara kitabxananın ədəbiyyat fondunun tərkibi ilə tanış olmağı, öz sorğularına operativ və kitabxanaçı biblioqrafın köməkliyi olmadan uzaq məsafədən cavab almağı, ədəbiyyatı uzaq məsafədən sifariş verməyi təmin edir, oxuculara müasir səviyyədə onlayn olaraq xidməti təşkil etməyə şərait yaradır.
Keçən il ərzində oxucular İRBİS-64 proqramı, həm də kataloq-kartoteka sisteminə əsasən ənənəvi formada da biblioqrafik informasiya xidməti üzrə axtarış həyata keçirib. Mərkəzi Elmi Kitabxana oxucularının müraciətləri əsasında kitab, dövri mətbuat, avtoreferat və dissertasiya olmaqla, həm elektron, həm də ənənəvi kataloqda axtarış aparılıb ki, onların da sırasında ən çox sorğu edilən dilçilik, hüquq və tibb sahələri olub. Bununla yanaşı, oxucular bədii ədəbiyyata da maraq göstəriblər. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin əsərləri, o cümlədən ətraf mühitin qorunmasına, tarix və dövlətçiliyə dair kitablar ən çox sifariş olunanlar sırasında öz yerini tutub.
Onu da qeyd edək ki, xidmətin səmərəli təşkil edilməsi məqsədilə, oxuculara sorğu anketləri də təqdim olunur. Bu anketlər vasitəsilə oxucular MEK-də görmək istədikləri yeni kitabları müəyyən edir və kitabxananın fondu bu tələblərə uyğun şəkildə genişləndirilir.
Xatırladaq ki, 18 yaşdan yuxarı hər kəs MEK-ə üzv olmaqla kitabxananın zəngin fondlarından həm yerində, həm də onlayn şəkildə yararlana bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.