Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.01.2025 16:22
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda məktəblilərlə görüş keçirilib

Coğrafiya İnstitutunda məktəblilərlə görüş keçirilib

Səbail rayonunun 136 saylı tam orta məktəbinin şagirdləri ETN akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.

İnstitutun elmi şöbələri ilə tanış olan coğrafiyasevərlər Tibbi coğrafiya şöbəsinin müdiri, c.ü.f.d. Solmaz Rzayevanın bu sahə üzrə görülən işlər barədə məlumatını maraqla dinləyiblər.

Sonra tədbir akt zalında davam edib. Qonaqları salamlayan baş direktor professor Zakir Eminov bildirib ki, institut alimləri mütəmadi olaraq orta məktəb şagirdləri ilə görüşlər keçirir, onları maraqlandıran mövzular ətrafında söhbətlər aparır, onlarda coğrafiya elminə marağın artmasına çalışırlar.

Məktəbliləri institutun fəaliyyəti ilə tanış edən baş direktor elmi müəssisənin tədqiqat sahələri, görülən işlər və əldə edilmiş nailiyyətlər, coğrafiya elmindəki yeniliklər, coğrafiya elminin korifeyləri və müxtəlif illərdə instituta rəhbərlik etmiş coğrafiyaçı alimlər, ətraf mühit və onun qorunması, noyabr ayında Azərbaycanda keçirilmiş mötəbər COP29 tədbirinin ölkəmiz üçün əhəmiyyəti, orada müzakirə olunan məsələlər, iqlim dəyişiklikləri, Xəzərin problemləri və s. bu kimi mövzulara toxunub.

Şöbə müdiri c.ü.f.d. Mirnuh İsmayılov, elmi işçilər Emil Cəbrayılov və Fəridə Talıbova özlərinin və şöbələrinin gördükləri işlər barədə məktəblilərə məlumat veriblər.

Rəhbərlik və öz adından Zakir Eminova təşəkkür edən məktəbin müəllimləri İradə Gözəlova və İradə Hüseynova görüşdən məmnun qaldıqlarını və analoji tədbirin məktəbin digər şagirdləri ilə də keçirilməsinin arzuolunan olduğunu dilə gətiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: