Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

2024-cü ildə AMEA əməkdaşlarının Web of Science və Scopus bazalarında 59 məqaləsi işıq üzü görüb
26.12.2024 13:10
  • A-
  • A
  • A+

2024-cü ildə AMEA əməkdaşlarının Web of Science və Scopus bazalarında 59 məqaləsi işıq üzü görüb

Müasir dövrdə elmi fəaliyyətin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri nüfuzlu beynəlxalq elmi bazalarda (Web of Science və Scopus) indekslənən jurnallarda məqalələrin nəşri hesab olunur. Ona görə də hazırda AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, mötəbər beynəlxalq elmi qurum və cəmiyyətlərə üzvlüyün həyata keçirilməsi, elektron elmi resurs və bazalara inteqrasiyanın sürətləndirilməsi ilə bağlı mühüm tədbirlər təşkil edir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Akademiyada çalışan alim və mütəxəssislərin məqalələrinin nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən elmi jurnallarda daha intensiv dərc olunmasını təşviq etmək məqsədilə AMEA Rəyasət Heyəti “AMEA əməkdaşlarına impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə görə mükafatların verilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərar qəbul edib. Qərara əsasən, AMEA əməkdaşları üçün nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən nəşrlərdə dərc olunmuş elmi işlərə görə, həmçinin il ərzində ən çox məqalə nəşr etdirilən ilk üç yer üzrə mükafatlar təsis edilib, elmi müəssisə və təşkilat rəhbərlərinə müvafiq materialların ildə iki dəfə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinə təqdim edilməsi tapşırılıb.

AMEA-da çalışan alim və mütəxəssislərin cari ildə 59 məqaləsi, 2024-cü ilin birinci yarısı üzrə nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən elmi jurnallarda 12 məqaləsi, 2024-cü ilin ikinci yarısında isə 47 məqaləsi çapdan çıxıb. Qeyd olunan məqalələr AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil və “Elektron Akademiya” şöbələri tərəfindən yoxlanılıb təhlil edildikdən sonra AMEA Rəyasət Heyətinin 9 iyul 2024-cü il tarixli (ilin birinci yarısı üzrə) və 20 dekabr 2024-cü il tarixli (ilin ikinci yarısı üzrə) iclaslarında təsdiq edilib.

Cari ildə ən çox məqaləsi işıq üzü görən alim 7 məqalə ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov olub və ilk sırada qərarlaşıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Dmitriy Kiriçenko və Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl ikinci yerdə qərarlaşıblar. Üçüncü yerdə isə Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: