Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının üzvü, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin baş elmi işçisi Nəzakət Məmmədli bu gün – ömrünün 53-cü ilində dünyasını dəyişib.
Təsəvvüf ədəbiyyatının görkəmli tədqiqatçısı Nəzakət Fətəli qızı Məmmədli 1971-ci il dekabrın 25-də Sabirabad rayonunun Yuxarı Axtaçı kəndində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1994-1997-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında Azərbaycan ədəbiyyatı ixtisası üzrə təhsil alıb, “Füzulinin “Leyli və Məcnun” əsərində təsəvvüf və onun bədii ifadə sistemi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1994-cü ildən 2010-cu ilə qədər AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində, 2010-cu ildən ömrünün sonuna qədər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. 2023-cü ildə “Şeyx Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş alimin əsas elmi nailiyyətləri Təsəvvüf ədəbiyyatı ilə əlaqədar mühüm mənbələrin üzə çıxarılması, əski əlyazma qaynaqlarının transfoneliterasiyası, nəşri və tərcüməsi olub.
Elmi simpoziumların və seminarların təşkili, Mövlana, Əttar kimi sufi şair və mütəfəkkirlərin əsərlərinin Azərbaycan türkcəsinə tərcüməsi, təsəvvüf ədəbiyyatının tədqiqi ilə məşğul olan N.Məmmədli Gənc aspirantların II Ümumrespublika konfransında I yerə və mükafata layiq gorülüb. 2010-cu ildə alimin müəllifi olduğu “Mir Həmzə Seyid Nigari Divan”ının nəşri ilin kitabı elan olunub.
N.Məmmədli müxtəlif illərdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Hindistan kimi ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda ədəbiyyatşünaslıq elmimizin müxtəlif problemləri ilə bağlı məruzələr edib, görkəmli şair və ədiblərin yubiley tədbirlərində çıxışlar edib, Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə keçirilmiş “Ədəbiyyat günəşi” adlı məqalə müsabiqəsinin qalibi seçilib.
Elmi fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınan N.Məmmədli 159 elmi əsərin, 9 kitabın və 5 monoqrafiyanın (“Füzulinin “Leyli və Məcnun” əsərində təsəvvüf və onun bədii ifadə sistemi”, “Füzulinin Leyli və Məcnun əsəri: Poetikası, fəlsəfəsi, əlyazmalarının mətnşünaslıq xüsusiyyətləri”, “Seyyid Yəhya Şirvani və xəlvətilik”, “Sevdayi və onun “Leyli və Məcnun” əsəri”, “Şeyx Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı”) müəllifidir.
Əlyazmalar İnstitutunun kollektivi bu ağır itkidən çox kədərlənir və alimin yaxınlarına dərin hüznlə başsağlığı verir. Xeyirxah insan, istedadlı alim, ləyaqətli şəxsiyyət Nəzakət Məmmədlinin parlaq xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.