Vyetnam Yazıçılar Birliyinin üzvü, Hanoy Universitetinin professoru, filologiya elmləri doktoru, tərcüməçi Nguyen Van Çhien AMEA-da keçirilən “Asiya xalqlarının ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirakı barədə Vyetnamın vanvn.vn elektron xəbər portalında səfər təəəssüratlarını bölüşüb.
Vyetnam dilindən tərcümə olunan aşağıdakı məqaləni oxuculara təqdim edirik.
Asiya ədəbiyyatı və Azərbaycan və Vyetnam arasında əməkdaşlıq perspektivləri üzrə beynəlxalq konfrans
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dəvəti və Azərbaycan Respublikasının Vyetnamdakı səfirliyinin dəstəyi ilə Vyetnam Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, tərcüməçi Nguyen Van Çhien 16-18 dekabr 2024-cü il tarixlərində paytaxt Bakıda “Asiya xalqlarının ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda Beynəlxalq elmi konfransda iştirak edib.
Aşağıdakı məqalə professor Nguyen Van Chienin konfrans və Azərbaycan və Vyetnam arasında elmi-ədəbi əməkdaşlığın perspektivləri haqqındadır.
Plenar iclasda giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edib.
Konfransı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu təşkil edib. Elmlər Akademiyasının Kitabxanasında keçirilən tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Azərbaycan, Türkiyə, Pakistan, Çin, Hindistan, Cənubi Koreya, Vyetnam, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdən olan tanınmış alimlər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, eləcə də media nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar AMEA-da Asiya xalqlarının ədəbiyyatına dair nəşrlərin nümayiş olunduğu sərgiyə baxıblar.
Açılış nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bugünkü tədbirin Asiya ölkələrinin ədəbiyyatına həsr olunmuş Bakıda keçirilən ilk beynəlxalq elmi konfrans olması ilə bağlı tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O, keçmiş sovet dövründə daha çox Qərb ölkələrinin ədəbiyyatının, mədəniyyətinin, siyasətinin öyrənildiyini söyləyib və qeyd edib ki, bu da Asiya xalqları ədəbiyyatının az öyrənilməsinə gətirib çıxarıb. O, qeyd edib ki, yalnız Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda Asiya ölkələri ilə bağlı silsilə tədqiqatlara başlanılıb.
Akademik İsa Həbibbəyli bildirib ki, bu məqsədlə AMEA-da Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi yaradılıb. O, Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzi, Pakistan Ədəbiyyatı Mərkəzi, Mehmet Akif Ersoy Mərkəzi (Türk ədəbiyyatşünaslığı), Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi (Özbək ədəbiyyatşünaslığı), Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzi kimi bir neçə araşdırma qurumunun yaradılmasını da xatırladıb. Bütün bu mərkəzlər Asiya ölkələrinə yönəldiyi halda, İnstitutda Qərb ədəbiyyatı ilə bağlı da araşdırmalar davam edir və alimlər Afrika ədəbiyyatının da öyrənilməsinə maraq göstərirlər.
AMEA prezidenti Ədəbiyyat İnstitutunda Qərb, Avropa və Amerika ədəbiyyatı ilə bağlı araşdırmalar aparan Dünya ədəbiyyatı və müqayisəli araşdırmalar şöbəsinin mövcudluğunu xüsusi vurğulayıb. Bundan əlavə, o, Ədəbiyyat İnstitutunda Türk xalqları ədəbiyyatı şöbəsinin və Şərqşünaslıq İnstitutunda Orta Asiya ölkələri şöbəsinin fəaliyyətini də xatırladıb.
Akademik İsa Həbibbəyli AMEA-nın beynəlxalq əlaqələrindən danışaraq, AMEA ilə dünyanın bir çox akademik qurumları və elmi-tədqiqat institutları arasında əməkdaşlıq müqavilələrinin imzalandığını diqqətə çatdırıb. Hazırda AMEA Türkiyə, Qazaxıstan və Özbəkistanın bir çox universitetləri ilə əməkdaşlıq edir və Vyetnamın müvafiq qurumları ilə də əlaqələr qurmaqda maraqlıdır.
Sonda AMEA prezidenti Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və ölkəsinin Asiya xalqlarına tanıdılmasında, eləcə də bu istiqamətlər üzrə tədqiqatçılarla daha sıx əlaqələrin qurulmasında və gələcəkdə birgə layihələrin formalaşdırılmasında konfransın əhəmiyyətini vurğulayıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, yeni təmasların və dostluqların qurulması, işbirliklərinin formalaşdırılması və elmi əlaqələrin dərinləşdirilməsi üçün platforma rolunu oynayan bugünkü konfrans həm də Avrasiyanın sintezini yaratmaq potensialına malikdir.
Daha sonra tədbirdə bir çox ölkələrin (o cümlədən Vyetnamın) nümayəndələri çıxış edərək konfransın Asiya ölkələri arasında elmi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini vurğulayıblar.
Plenar iclasda həmçinin üç elmi məruzə dinlənilib.
Plenar iclasdan sonra Beynəlxalq konfrans “Türk xalqlarının ədəbiyyatı”, “Müqayisəli ədəbiyyat araşdırması”, “Şərqi Asiya ədəbiyyatı” və “Cənubi Asiya ədəbiyyatı” kimi 4 bölmə ilə işini davam etdirib.
Bölmə iclaslarında Asiya xalqları ədəbiyyatının problemlərinə və dövrlərinə, onların müəlliflərinə və əsərlərinə həsr olunmuş ümumilikdə 50-yə yaxın məruzə dinlənilib.
Mən Cənubi Asiya xalqlarının ədəbi problemləri üzrə Beynəlxalq konfransın IV bölməsinin rəhbəri təyin olunmuşdum. Vyetnamdan gələn yeganə nümayəndə kimi mən əvvəlcə Vyetnam və İtalyan ədəbiyyatını müqayisə edərək ədəbi əsərlər vasitəsilə idrak yolu ilə həyat problemlərinə dair bir məqalə ilə çıxış etdim. Alimlər bir çox suallar qaldırdılar və müasir Vyetnam ədəbiyyatı və tipik əsərlər haqqında bir çox məsələlərin daha da aydınlaşdırılmasını təklif etdilər. Məhz bu müzakirə mənim təqdimatıma icazə verilən vaxtdan daha uzun müddət davam etdi.
Daha sonra Çin, Hindistan, Pakistan, Əfqanıstan, Gürcüstan, Azərbaycan ədəbiyyatı haqqında doqquz məruzə oldu... Həmin məruzələrin birində tədqiqatçı Sevda Məmmədova Vyetnam ədəbiyyatının inkişaf mərhələləri haqqında çox gözəl müzakirələr apardı.
Daha sonra beynəlxalq konfrans öz işini yekunlaşdırıb. Bağlanış mərasimində çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsi Elmi Şurasının vitse-prezidenti, akademik Teymur Kərimli bildirib ki, bir çox Asiya ölkələrinin aparıcı elm və təhsil mərkəzlərinin nümayəndələrinin iştirakı bu tədbirdə çox yüksək qiymətləndirilib və bölmə iclaslarında məruzələrin geniş mövzuları əhatə etdiyi qeyd edilib. O, uzun illərdən sonra ilk dəfə olaraq Asiya ölkələrinin ədəbiyyatı ilə bağlı belə mötəbər tədbirin Bakıda keçirilməsinin Azərbaycanın dünyada artan nüfuzunun, eləcə də Asiya ölkələrinin Azərbaycana münasibətinin göstəricisi olduğunu vurğulayıb. Akademik Teymur Kərimli bu tarixi beynəlxalq konfransın növbəti illərdə Asiya ölkələri arasında ədəbi-mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirərək tədbiri yekunlaşdırıb.
Məhdud vaxta baxmayaraq, mən Azərbaycan, Çin, Hindistan, Türkiyə, Pakistan, Özbəkistan, Koreya... alimləri və müəllifləri ilə əlaqə saxlamağa çalışdım ki, onlara Vyetnam ədəbiyyatı,Vyetnamın nəsr və poeziyasındakı nailiyyətləri ilə yanaşı, uğurlu innovasiya prosesi haqqında da daha çox məlumat verim.
Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu təkcə Azərbaycanda deyil, türk dövlətləri elmi ictimaiyyətində və dünya miqyasında çox mötəbər elmi-tədqiqat müəssisəsidir və bizim ölkə onlar ilə ədəbi əlaqələrin qurulmasına da böyük diqqət yetirir.
Təəssüf ki, vaxt azlığından mənim və Azərbaycan Respublikasının Vyetnamdakı səfirinin arzuladığı kimi Azərbaycan Yazıçılar Birliyinə gedə bilmədim.
Lakin bu işgüzar səfərin nəticələri, şübhəsiz ki, Vyetnam və Azərbaycan arasında ədəbiyyat və humanitar elmlər sahəsində gələcəkdə praktiki və səmərəli inkişaf üçün zəmin yaradacaqdır.
Nguyen Van CHIEN
Vyetnam Yazıçılar Birliyinin üzvü, Hanoy Universitetinin professoru, filologiya elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.