Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Elnarə Akimova: Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği böyük əhəmiyyət daşıyır
10.03.2025 16:48
  • A-
  • A
  • A+

Elnarə Akimova: Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği böyük əhəmiyyət daşıyır

Azərbaycan xalqı öz adət-ənənələri ilə hər zaman digər xalqlar arasında seçilib. Bir dövlət var olması üçün ilk növbədə öz tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxmalı və onu nəsildən-nəslə ötürməyi bacarmalıdır ki, Azərbaycan bunun öhdəsindən layiqincə gəlir.

Novruz bayramının astanasında olan ölkəmiz onun gəlişindən xəbər verən çərşənbələri qeyd edir, bayrama xas adətləri yerinə yetirir.

Bəs, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği istiqamətində hansı işlər görülür?

Milli Məclisin deputatı Elnarə Akimova Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği bu gün xüsusilə böyük əhəmiyyət daşıyır və daşımalıdır.

Onun sözlərinə görə, artıq tam şəkildə ərazilərini bərpa edən, güclənən, suverenlik qazanan ölkəyik və daha da güclənmək üçün onun dövlətçilik tarixi, mədəniyyət konsepsiyası prinsipial şəkildə hazırlanmalı, beynəlxalq səviyyədə, elmi əsasda təbliğ olunmalıdır. Deputat izah edib ki, bir ölkənin beynəlxalq arenaya çıxışında, tanınmasında və dünyaya inteqrasiyasında elm və mədəniyyət faktorları mühüm rol oynayır.

“Bizdə bu istiqamətdə müəyyən addımlar atılıb. 2009-cu ildə Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması, ölkə başçısının ard-arda verdiyi sərəncamlarla mədəniyyət xadimlərinin irsinin, yaradıcı arsenalının təqdimatına stimul verməsi bu yöndə uğurlu addımları ifadə edir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında xarici ölkələrin institutları, alimləri ilə təmaslar qurulur, əlaqələr gücləndirilir, elmin və mədəniyyətin mübadiləsi baş tutur. Alimlərimiz xarici ölkələrin elmi konfranslarında iştirak edirlər, beynəlxalq, mötəbər elmi nəşrlərdə çap olunurlar”.

Mədəniyyətin cəmiyyətdə, eləcə də beynəlxalq miqyasda təbliği dövlət siyasətinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, dövlətin mədəniyyət konsepsiyası mədəni proseslərin başlıca istiqamət, məqsəd, vəzifə, üsul və mexanizmlərini müəyyənləşdirməklə bu prosesləri idarə etmək imkanı qazanır.

Müsahibimiz nəzərə çatdırıb ki, ölkəmizdə keçirilən bir çox festivalların - Beynəlxalq Muğam festivalı, Qəbələ Musiqi festivalı, Rostropoviç, Qara Qarayev, Üzeyir Hacıbəylinin adını daşıyan festivalların - mədəniyyətimizin təbliğində əhəmiyyətli rol oynadığı danılmaz faktdır. Artıq dörd ildir ki, “XarıBülbül” Beynəlxalq Musiqi Festivalı da bərpa olunaraq bu sıranı genişləndirib. Bu festival nəinki Azərbaycan musiqisinin, həmçinin Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışlarını da çevrələyir:

“Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində bu gün Heydər Əliyev Fondunun rolu və dəstəyi böyükdür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan muğam və aşıq sənəti, eləcə də xalçaçılıq və tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.

E.Akimova televiziyalarda bu məsələnin konseptual amala çevrilmədiyinə təəssüfünü bildirib. Obub dediyinə görə, istisna olaraq, İctimai TV və Mədəniyyət TV-nin bu yöndə hazırladığı bir çox verilişlərini qeyd etmək olar:

“Məsələn, “Ustad dərsi” verilişi var. Çox bəyənirəm. Yaxud Mədəniyyət TV-də ədəbiyyatımızın, mədəniyyətimizin, dəyərlərimizin təbliği ilə bağlı meydana qoyulan bir çox verilişlər var ki, səmərəli və effektiv fəaliyyət göstərirlər. Əslində, hər televiziya kanalında az sayda da olsa faydalı nəsə tapmaq mümkündür. Sadəcə bu gün televiziyada ağırlıq təşkil edən şou verilişləri, sosial yönümlü proqramlar o qədər bayağı, antiestet bir ruhla hazırlanır ki, nəticədə ağıllı, intellektual tamaşaçını da ekran qarşısından perik salır”.

Millət vəkilinin fikrincə, ilk növbədə, ağırlığı elmin, mədəniyyətin təbliği üstündə qurulan verilişlərə vermək, bu verilişlərin effektiv təsir göstərməsini təmin etmək üçün milli məfkurə xəttini, vahid dövlətçilik ideyalarını dominanta çevirmək lazımdır. Bir də televiziyalar arasında bu yöndə rəqabəti gücləndirməyə ehtiyac var:

“Təəssüf ki, bu gün televiziya kanalları arasında rəqabət ancaq şou proqramları, sosial yönümlü verilişlər arasında gedir. “Kto bolşe” - yarış dəyərlərin deyil, dəyərsizliyin təbliğini prioritetə çevirmək uğrundadır. Halbuki indi televiziyalar məhz mədəniyyətin, elm və tariximizin təbliğində rəqabətə təşəbbüskar olmalı, rəqabətdən yorulmamalıdırlar. Bu, mədəniyyətin cəmiyyətdə inkişafına ən böyük stimulu verər”.

  • Paylaş: