Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şumer ədəbiyyatı və Azərbaycan” adlı monoqrafiya çap olunub
12.03.2025 12:26
  • A-
  • A
  • A+

“Şumer ədəbiyyatı və Azərbaycan” adlı monoqrafiya çap olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyevanın “Şumer ədəbiyyatı və Azərbaycan” adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiya Şumer və Azərbaycan ədəbiyyatının, ümumilikdə türk mədəniyyətinin müqayisəli şəkildə tədqiqi üçün yeni faktların üzə çıxarılması baxımından əhəmiyyət daşıyır. Bu cəhətdən aktual mövzuya həsr edilmiş monoqrafiya Şumer-Azərbaycan ədəbi əlaqələri haqqında təsəvvür yaradır, oxşar və fərqli xüsusiyyətləri izləməyə imkan verir. Azərbaycan ədəbiyyatşünaslığında yeni istiqamətin uğurlu addımlarından olan bu əsər Şumer mədəniyyətinin bir çox aspektlərini özündə əks etdirən dəyərli və mühüm tədqiqat, şumerşünaslığa layiqli töhfədir.

Əsər giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsildə Şumer-akkad ədəbiyyatının yaranma tarixi və mərhələlərindən bəhs edilir. Bu ədəbiyyatın təsnifatı və janrları ikinci fəsildə təqdim edilir. Burada kosmoqonik  və etioloji miflər, allahların və qəhrəmanların hünərləri haqqında dastanlar, himnləri, ağıları, ovsunları əhatə edən lirik mətnlər, eləcə də pedaqoji və didaktik əsərlər ayrı-ayrılıqda nəzərdən keçirilir. Üçüncü fəsildə Şumer-Azərbaycan ədəbi əlaqələri araşdırılır. Bu sırada qəhrəmanlıq eposları arasında oxşarlıq, mifologiyalarda əlaqələr, folklor nümunələrində bənzərliklər, mərasim nəğmələri və mövsümlə bağlı inamlar arasında yaxınlıq, laylalar, ovsunlar və sınamalarda, bundan əlavə atalar sözləri və məsəllərdə, eləcə də saylarla bağlı inamlar arasında oxşarlıqlar nəzərdən keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: