Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.03.2025 14:32
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmin populyarlaşdırılmasına həsr olunmuş seminar keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmin populyarlaşdırılmasına həsr olunmuş seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmin populyarlaşdırılmasına həsr olunmuş seminar təşkil olunub.

Seminarı giriş sözü ilə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, elmin populyarlaşdırılması, elmi biliklərin təbliği və cəmiyyətdə elmi dünyagörüşünün möhkəmləndirilməsi elmi təşkilatların və alimlərin əsas vəzifələrindən biri olmalıdır. Dünyanın bir sıra aparıcı dövlətlərində elmin populyarlaşdırılması və təbliği ilə məşğul olan institutlar, laboratoriyalar fəaliyyət göstərir. Azərbaycanda da elmin təbliği və populyarlaşması ilə əvvəllər məşğul olan alimlərimiz az olmamışdır. Onlara  misal olaraq Xudu Məmmədovun  “Qoşa qanad” və “Naxışların yaddaşı”, Azad Mirzəcənizadənin “İxtisasa giriş” kitablarını və digərlərini qeyd etmək olar.

Akademik bildirib ki, elmin populyarlaşdırılmasında əsas məqsəd getdikcə çətinləşən elmi nəticələrin, elmi fenomenlərin sadə və anlaşılan tərzdə ictimaiyyətə çatdırmaqla cəmiyyətdə, o cümlədən, gənc nəsildə elmə marağın artırılmasıdır. Elmin populyarlaşdırılmasında bir çox vasitələrdən istifadə olunur. Bu vasitələrdən ən səmərəli olan elmi-populyar ədəbiyyat təkcə elmi populyarlaşdırmaqla kifayətlənmir, həm də oxucunu problem haqqında düşünməyə vadar edir. Bir çox alimlər elmə gedən yollarına gənclik illərində başlamışlar. Oxunan elmi-populyar kitablar, elmi jurnallar və verlişlər  insanda böyük maraq yaradır, onda dərin iz buraxır  və bu, bir çoxları üçün həyatın mənasına çevrilir. Populyarlaşdırma vasitələrindən ən təsirlisi mediadır ki, milyonlarla oxucu, dinləyici və tamaşaçı sayəsində elm kütlələrə çatır, populyarlaşır.

Akademik qeyd edib  ki, müasir dövrdə elmin populyarlaşdırılmasının  vasitələrindən biri də, elmi-populyar seminar, müzakirə və dəyirmi masaların təşkilidir. Populyar elmi təqdimatlar iki mühüm xüsusiyyətə malikdir: interaktivlik - yəni qarşılıqlı diskusiya və müzakirə  sayəsində  populyar elmi məlumatların birbaşa  dinləyici  tərəfindən qəbulu. Bu baxımdan düşünürəm ki, bugünkü seminar elmin populyarlaşdırılması istiqamətində faydalı bir addım olacaq və bu seminarlar davamlı olaraq təşkil ediləcəkdir.

Sonra AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının “Entropiya- miflər və reallıqlar” mövzusunda məruzəsi dinlənilib. Məruzədə müasir elmin fenomenal anlayışlarından olan entropiyanın mahiyyəti, onun təbiət və dəqiq elmlərdə, ümumiyyətlə elmi dünyagörüşün formalaşmasında rolu kimi məsələlərə toxunulub.  Professor entropiya anlayışının fəlsəfi kateqoriya kimi mahiyyətini qeyd edərək bildirib ki, kainatdakı proseslərin əsasını, dəyişikliklərin hərəkətverici qüvvəsini entropiya təşkil edir. Qeyd olunub ki, təkamül və entropiya bir-biri ilə bağlıdır və təkamül entropiya hesabına baş verir. Entropiyaya nizamdan xaosa keçidin simvolu kimi baxmaq olar. Entropiya bizə hər hansı bir halın (vəziyyətin) istər-istəməz dəyişdiyini, daha xaotik vəziyyətə doğru irəlilədiyini dərk etməyə kömək edir. Məruzəçi psixologiyada entropiya anlayışına toxunaraq qeyd edib ki, psixologiyada entropiya şüura xas olan daxili pozğunluq dərəcəsini təsvir edən bir termindir. Məsələn, stres  və narahatlıq anlarında insanın şüurunda entropiya artır, bu da konsentrasiyanın və rasional düşünmə qabiliyyətinin azalmasına səbəb olur.

Sonra məruzə ətrafında maraqlı müzakirələr olub, verilən suallar və söylənilən fikirlərə münasibət bildirilib.

Seminara yekun vuran akademik Dilqəm Tağıyev maraqlı məruzə üçün professor Məhəmməd Babanlıya təşəkkür edib və bildirib ki, bu istiqamətdə növbəti seminar aprel ayında keçiriləcək.

Qeyd edək ki, tədbirdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları ilə yanaşı, AR ETN Neft-Kimya Prosesləri İnstitutunun, Bakı Dövlət Universitetinin alimləri, gənc tədqiqatçıları və tələbələri də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: