AMEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Pərvinə Əfəndi Türkiyənin Kayseri şəhərində keçirilən ASES (Academy of Scientific and Educatjional Studies) Beynəlxalq Qadın Araşdırmaları Konfransında iştirak edib.
Şərqşünas alim konfransda “Misir maarifçisi Rifaa Rafi ət-Təhtavinin (1801-1803)” ənənəvi baxışlarında ərəb intibahı dövründə qadın azadlığı” mövzusunda məruzə edib. P.Əfəndi Misirin XIX əsrin 1-ci yarısında iqtisadi modernləşmənin və ictimai fikir dövrünə qədəm qoyması və bununla əlaqədar olaraq ölkədə qadın emansipasiyasının aktual mövzuya çevrilməsi barədə söz açıb. O, müsəlman şərq qadınının bərabərhüquqlu olmasının vacibliyini, o cümlədən mütləq təhsil almasını dəstəkləyən misirli mütəfəkkir Rifaa Rafi ət-Təhtavinin ictimai fəaliyyətindən bəhs edib. Ət-Təhtavinin qadınlara istər ailədə, istərsə də cəmiyyətdə qoyulan məhdudiyyətlər və təhsildən məhrum edilmələri və bunların təkcə qadınların özünə deyil, həm də bütün cəmiyyətə zərər gətirməsi barədə baxışlarından danışıb.
Bundan əlavə məruzəçi ət-Təhtavinin Avropa nümunəsində ümumtəhsil ilə bağlı ideyalarının digər ərəb və qeyri müsəlman ölkələrinin mütəfəkkirlərinə də böyük təsiri barədə qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.