Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.03.2025 11:40
  • A-
  • A
  • A+

Ağdamda “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans keçirilib

Ağdamda “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə çıxış edib

Ağdam rayonunun Quzanlı qəsəbəsində “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra Xındırıstan kəndinin mərkəzi hissəsində yeni salınan Qasım bəy Zakir adına parkın açılışı münasibətilə ağacəkmə aksiyası keçirilib. Bildirilib ki, parkda Qasım bəy Zakirin xatirə muzeyinin yaradılması da nəzərdə tutulub.

Ağdam Muğam Mərkəzində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq Qasım bəy Zakirin həyat və yaradıcılığı, Qarabağda dövrün ədəbi mühiti haqqında geniş məruzə ilə çıxış edib.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək böyük şair Qasım bəy Zakirin həyatından, dövründən, yaradıcılıq məziyyətlərindən söz açıb. Bildirib ki, Qasım bəy Zakir klassik Şərq ədəbiyyatının ən yaxşı cəhətlərini özünəməxsus satirik, lirik üslubda davam və inkişaf etdirərək qüdrətli söz ustası kimi şöhrət qazanıb. Azərbaycan bədii dilini yeni pilləyə qaldıraraq məzmunca dolğun, formaca bitkin satirik şeirləri, qoşmaları, gəraylıları ilə həməsri olduğu şairlərdən fərqləndiyini deyən akademik İsa Həbibbəyli qüdrətli şairin ustad sənətkar kimi diqqəti cəlb etdiyini, onun ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli Akademiyada çap olunmuş bir sıra monoqrafik əsərləri, Zakirin AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının surətini və AMEA-nın əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Həşimovanın çəkdiyi Qasım bəy Zakirin portretini yeni yaradılacaq Qasım bəy Zakirin xatirə muzeyinə ilk eksponatlar kimi hədiyyə edib. AMEA prezidenti həmçinin “Azərbaycan ədəbi tarixi” çoxcildliyinin indiyədək çap olunmuş 7 cildini və bir sıra tədqiqat əsərlərini rayon rəhbərliyinə, eləcə də Xındırıstan kənd orta məktəbinin kitabxanasına təqdim edib.

Sonra Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, hazırda Xındırıstan kəndində yaşayan Qasım bəy Zakirin kötükcəsi Bəhram Şükürov, Qasım bəy Zakir irsinin tədqiqatçısı, filologiya elmləri doktoru, professor  Raquf Kərimov və böyük şairin nəslinin nümayəndəsi Günel Vəliyeva çıxış ediblər. Çıxış edənlər Qarabağ ədəbi-ictimai mühitindən, XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qasım bəy Zakirin həyat və yaradıcılığından, onun ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, şairin yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən danışıblar. Qeyd olunub ki, Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli qərarı ilə Qasım bəy Zakir Azərbaycanda əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınıb.

Tədbir zamanı akademik Teymur Kərimli böyük şairin AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalarının bəzi nüxsələrinin surətlərini Zakir nəslinin nümayəndələrinə təqdim edib. Həmçinin AMEA alimləri tərəfindən rayon ictimaiyyətinə Qasım bəy Zakirin həyat və yaradıcılığına həsr olunmuş monoqrafik tədqiqat əsərləri və digər kitablar hədiyyə olunub.

Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin Qarabağ instrumental ansamblının müşayiəti ilə respublikanın Əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri konfrans iştirakçılarına təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: