AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında növbəti nömrəsi çapdan çıxıb.
Qəzetin ön səhifəsində Bakıda AGEM-in 7-ci Zirvə Görüşü haqqında icmal yer alıb.
Nəşrin səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə “Yeni Azərbaycan Partiyasının VIII qurultayında Azərbaycan Respublikası Prezidentinin nitqi və qarşıda duran vəzifələr” adlı elmi-praktiki konfrans, AMEA-da rəqəmsallaşma prosesinin genişləndirilməsi və yeni rəqəmsal hesabat modelinin tətbiqinə dair müşavirə və Aşıq Hüseyn Saraclının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransla bağlı yazılar təqdim edilib.
Bu sayda “Sabir Rüstəmxanlı – mütəfəkkir xalq şairi və istiqlal mübarizi” mövzusunda elmi konfrans, AMEA prezidentinin Vyetnamın rəsmi mətbu orqanı olan “Kommunist” jurnalının redaksiya heyətindən nümayəndələr və gürcüstanlı alimlərlə görüşləri haqqında informasiyalar oxucuların diqqətinə çatdırılıb. Həmçinin AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyevanın “Qazaxıstan və Şərq dünyasının qarşılıqlı tarixi-mədəni, siyasi-iqtisadi əlaqələri: tarix, bu gün və inkişaf tendensiyası” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirakı və AMEA-da növbəti qanvermə aksiyasına dair materiallara yer verilib.
Bundan əlavə, nəşrdə AMEA-nın müxbir üzvü Bağır Bağırovla müsahibə, “Azərbaycan mexanika elminin görkəmli nümayəndəsi”, “Qazax milli təfəkkürünün poetik yaddaşına açılan yeni səhifə”, “Dini tolerantlıq və ideoloji təhlükəsizlik” başlıqlı məqalələr, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər, yeni nəşrlər və Nobel həftəsində mükafatı alan laureatların adları təqdim olunub.
Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.