Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycanın tam müstəqil siyasət yürütməsi Prezident İlham Əliyevin uzaqgörən strategiyası, qətiyyəti və gərgin əməyinin nəticəsidir
15.10.2026 13:00
  • A-
  • A
  • A+

Azərbaycanın tam müstəqil siyasət yürütməsi Prezident İlham Əliyevin uzaqgörən strategiyası, qətiyyəti və gərgin əməyinin nəticəsidir

“Azərbaycan müstəqildir, azaddır, şübhə yoxdur ki, Azərbaycan xalqı bundan sonra heç vaxt öz müstəqilliyini əldən verməyəcəkdir”.

Azərbaycan xalqının Ümummillli Lideri

 Heydər Əlirza oğlu Əliyev

2026-cı il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümüdür. Dahi lider Heydər Əliyevin prezidentliyə başladığı ilk günlərdə Azərbaycanda yeni bir dövr – milli müstəqillik, istiqlal, milli azadlıq, suverenlik dövrü başlanmış, Azərbaycan böyük irəliləyişə nail olmuşdur. Azərbaycan dövlətçiliyi möhkəmlənmiş, Azərbaycanın demokratik imici, müstəqiliyin əbədiliyi, dönməzliyi artmışdır. Getdikcə Azərbaycan dünya dövlətləri içərisində özünə layiqli yer tutmuşdur. İlk gündən etibarən Azərbaycanda bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, nəticədə Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti dünya dövlətləri içərisində müstəqil, sivil, dünyəvi dövləti kimi tanınmağa başlanmışdır.

Müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan qısa bir vaxtda Birləşmiş Millətlər Təşkilatının, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, İslam Konfransı Təşkilatının və başqa nüfuzlu beynəlxalq təşkilatların üzvü olmuşdur.

Dövlət suverenliyinin tam bərpası, milli güc amillərinin möhkəmləndirilməsi və beynəlxalq arenada prinsipial, ədalətli mövqeyin qorunması ilə xarakterizə olunur. Ölkənin müstəqilliyinin qorunub saxlanması, suverenliyinin bütün ərazilərində tam bərpa edilməsi və beynəlxalq müstəqil siyasət yürütməsi Prezident İlham Əliyevin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti nəticəsində baş tutmuşdur. 35 illik müstəqillik tarixinin 23 ili Prezident İlham Əliyevin rəhbərliyi dövrünə təsadüf edir və bu mərhələ ölkənin iqtisadi, hərbi və diplomatik baxımdan zirvəyə yüksəlməsi yol xəritəsini təşkil edir. Müstəqilliyin ilk illəri işğal və humanitar böhranlarla yaddaqalan olsa da, Prezident İlham Əliyevin siyasi strategiyası nəticəsində Azərbaycan öz torpaqlarını tam azad etdi. Artıq Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı bərpa, mina təmizləmə və “Böyük Qayıdış” proqramı uğurla icra olunur. Ölkə daxilində formalaşmış birlik, həmrəylik müstəqilliyin qarantı və milli strateji xəttin mənəvi əsası kimi dəyərləndirilir. Strategiya çərçivəsində Azərbaycan beynəlxalq münaqişələrin həllində ədalətli prinsipləri müdafiə edir, Qoşulmama Hərəkatına sədrlik, COP29 kimi qlobal miqyaslı tədbirlərə ev sahibliyi etməklə müstəqil xarici siyasət yürüdür. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi və siyasi inteqrasiyası strategiyanın çoxvektorlu regional uğurudur. Onu da qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik və siyasi strategiyası Azərbaycanı regional liderə, iqtisadi cəhətdən tam müstəqil, dayanıqlı və suverenliyini tam təmin etmiş güclü bir dövlətə çevirmək məqsədinə xidmət edir. Azərbaycan regional və qlobal güclərlə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu və digər tarixi uğurlara imza atılmışdır: ərazi bütövlüyünün tam təmin edilməsi; “Böyük Qayıdış” və yenidənqurma; beynəlxalq nüfuz və s. Həmçinin, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kimi qlobal layihələrlə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm müstəqil aktora çevrilmişdir.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, real müstəqillik təkcə atributlarla deyil, həm də güclü ordu, müstəqil iqtisadiyyat və xalqın maraqlarına xidmət edən qətiyyətli siyasi iradə ilə ölçülür. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan beynəlxalq arenada öz sözünü diktə edən, qərarları öz paytaxtında verilən və regionun geosiyasi mənzərəsini formalaşdıran tam suveren bir dövlətdir. Sonda isə yazımı Ulu Öndər Heydər Əliyevin  Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və onun daha da inkişaf etdirilməsi barədə Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə vurğuladığı fraza ilə bitirmək istəyirəm: “Azərbaycan müstəqildir, azaddır, şübhə yoxdur ki, Azərbaycan xalqı bundan sonra heç vaxt öz müstəqilliyini əldən verməyəcəkdir”.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent 

  • Paylaş: