Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.06.2026 17:30
  • A-
  • A
  • A+

AMEA-da “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

AMEA-da “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“Türk Dünyası Həftəsi” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşib.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR mədəniyyət naziri Adil Kərimli, Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov, TÜRKSOY-un, Bakı Dövlət Universitetinin, Beynəlxalq Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun, Türk dünyasının Elmlər Akademiyalarının rəhbər şəxsləri, akademik qurumlarının nümayəndələri, millət vəkilləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, əməkdaşları iştirak ediblər.

Əvvəlcə Birinci Türkoloji Qurultayın iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iştirakçıları Birinci Türkoloji Qurultayın 100 il əvvəl keçirildiyi tarixi salondan salamlayaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə və Türk dünyasının müxtəlif şəhərlərində Qurultayın 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Akademik qeyd edib ki, yubiley tədbirlərinin zirvə mərhələsi ötən gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunub, bugünkü beynəlxalq konfransda isə 40-a yaxın ölkəni təmsil edən nümayəndələr iştirak edirlər. Diqqətə çatdırıb ki, AMEA cari ilin 27 fevral tarixində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş silsilə tədbirlərə başlayıb. Bildirib ki, həm ilk tədbir, həm də bugünkü olmaqla, yubiley proqramında ümumilikdə 200-dən artıq alim və mütəxəssis iştirak edib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Birinci Türkoloji Qurultay 1926-cı il fevralın 26-dan martın 6-dək məhz bu tarixi salonda keçirilib. O bildirib ki, rəsmi nümayəndə heyətləri ilə yanaşı, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı da Qurultayın işində iştirak ediblər.

Akademik vurğulayıb ki, Birinci Türkoloji Qurultay təkcə coğrafi miqyasına görə deyil, müzakirə etdiyi problemlərin əhatə dairəsi və ictimai fikir tariximizdə tutduğu mühüm mövqeyə görə də türkologiya elminin ən möhtəşəm elmi hadisələrindən biri hesab olunur. Onun sözlərinə görə, Qurultayda dinlənilən məruzələr sonrakı dövrlərdə türkologiya elminin inkişaf istiqamətlərini müəyyənləşdirib.

AMEA prezidenti vurğulayıb ki, Birinci Türkoloji Qurultay ilk dəfə “türkologiya” anlayışını müstəqil elmi termin kimi formalaşdıraraq elmi dövriyyəyə daxil edib və türkologiyanın sistemli elm sahəsi kimi inkişafının əsasını qoyub. O bildirib ki, sovet dövründə bu sahə məqsədli şəkildə yalnız dilçilik istiqamətində təqdim olunsa da, əslində türkologiya ədəbiyyat, tarix, folklorşünaslıq, fəlsəfə, etnoqrafiya, sənətşünaslıq, mədəniyyət və digər humanitar istiqamətləri özündə birləşdirən geniş elmi sahədir.

Akademik İsa Həbibbəyli müasir dövrdə Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKSOY-un fəaliyyətinin türk dünyasının elmi və mədəni inteqrasiyasına mühüm töhfələr verdiyini bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” sözləri ölkəmizdə Türk dünyası istiqamətdə həyata keçirilən siyasətin əsas ideoloji xəttini təşkil edir. Akademik qeyd edib ki, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə tədbirində Prezident İlham Əliyevin təşəbbüsü ilə Birinci Türkoloji Qurultayın 100 illiyinin Türk dünyası miqyasında qeyd olunması barədə qərar qəbul edilib və ötən gün şahid olduğumuz kimi, Türk dövlətlərinin tarixində ilk dəfə olaraq beş dövlət başçısı yubiley münasibətilə tədbir iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da 2025–2026-cı illərdə Birinci Türkoloji Qurultayın yubileyi münasibətilə 70-dən artıq elmi nəşr işıq üzü görüb. Akademik, həmçinin ortaq türk əlifbası əsasında Azərbaycanda ilk dəfə nəşr olunan antologiyanı nümayiş etdirib və Birinci Türkoloji Qurultayın biblioqrafiyasının çap olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Akademik vurğulayıb ki, bu gün Akademiyada türk xalqlarının ədəbiyyatı, tarixi, folkloru, fəlsəfəsi, incəsənəti və mədəniyyəti kompleks şəkildə öyrənilir.

Sonra çıxış edən Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər Türk dünyasının elm və mədəniyyətinə dair strateji baxışlarını açıqlayıb, yüz illik birgə elmi irsin əhəmiyyətini vurğulayıb. O, 100 il öncə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın Türk dünyasının ortaq elm tarixində ən mühüm dönüş nöqtələrindən biri olduğunu bildirib.

TÜBA prezidenti Birinci Türkoloji Qurultayda atılan əməli addımların Türk dilinin, tarixinin və mədəniyyətinin ortaq elmi baxışını müəyyən etdiyini və bu görüşün bir əsr sonra yenidən Bakıda davam etdirildiyini qeyd edib. O, bugünkü tədbirdə iştirakdan məmnunluğunu ifadə edərək 1926-cı ilin 26 fevral tarixindən 6 marta qədər Bakıda baş tutan mötəbər tədbirin akademik toplantı olmaqla yanaşı, Türk tarixinin sosio-mədəni sərhədlərini elmi şəkildə yenidən formalaşdıran bir oyanış yolu olduğunu diqqətə çatdırıb.

Konfransda çıxış edən Albaniya Elmlər Akademiyasının nümayəndəsi, akademik Gezim Hoca bu mötəbər beynəlxalq elmi platformada iştirakdan məmnunluğunu ifadə edib, dəvətə və nümayəndə heyətlərinə göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. Birinci Türkologiya Qurultayının elmi irsinin qorunub saxlanılmasının önəminə toxunan akademik Gezim Hoca qeyd edib ki, bu tarixi tədbir elmi tərəqqinin beynəlxalq əməkdaşlıq və müxtəlif elmi ənənələrə qarşılıqlı hörmət əsasında formalaşdığını aydın şəkildə nümayiş etdirir. Alim sözlərinə görə, elmin inkişafı yalnız milli sərhədlər daxilində deyil, məhz dialoq və ideyaların mübadiləsi mühitində mümkün olur.

Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun prezidenti professor Dərya Örs çıxışında qeyd edib ki, Türk dünyası arasında əlaqələri gücləndirən əsas amil siyasi sərhədlər deyil, ortaq dil, mədəniyyət və mənəvi bağlardır. Onun sözlərinə görə, əvvəlki nəsillərin qoyduğu zəngin elmi və mədəni irsi qorumaq, onu daha da inkişaf etdirərək gələcək nəsillərə çatdırmaq hər bir türkoloqun vəzifəsidir.

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev çıxışında bildirib ki, süni intellektin sürətlə geniş yayıldığı bir dövrdə gənclərin öz dilinə və milli mənəvi dəyərlərinə sahib çıxması olduqca önəmlidir. Malik Otarbayev qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinin məhz onun keçirildiyi tarixi binada qeyd olunması rəmzi məna daşıyır və bu tarixi məkanda Türk dünyasının görkəmli alim və ziyalılarının yüz il əvvəl bir araya gələrək ortaq gələcək naminə fikir mübadiləsi aparması bugünkü iştirakçılarda dərin qürur və məsuliyyət hissi yaradır.

Tədbirdə çıxış edən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov bildirib ki, 100 il əvvəl Bakıda Birinci Türkoloji Qurultayda əsası qoyulan ideyalar bu gün türk dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, müasir dövrdə hər bir xalq öz milli kimliyini, dilini və mədəni irsini qorumaqla yanaşı, ortaq türk dəyərlərinin yaşadılması istiqamətində də birgə fəaliyyət göstərməlidir.

Konfransda həmçinin Xalq şairi Sabir Rüstəmxanlı, Ukraynadan qaqauz dosent Tudora Arnaut, Moldova Qaqauz Komrat Dövlət Universitetindən Güllü Karangil və başqaları çıxış edərək Birinci Türkoloji Qurultayın ideyalarının bu gün də yaşadığını, Türk dünyasının birliyinin və həmrəyliyinin qorunmasının, əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonda çıxış edən AR mədəniyyət naziri Adil Kərimli Birinci Türkoloji Qurultayın ruhunun bu gün də Türk dünyasını birləşdirdiyini, 1926-cı ildə bu tarixi binada toplaşan Türk dünyasının görkəmli alimlərinin, ziyalılarının və vətənpərvərlərinin yaratdığı mənəvi mühitin bu gün də hiss olunduğunu söyləyib. Qeyd edib ki, bu gün səslənən çıxışları dinlədikcə sanki yüz il əvvələ qayıdırıq: “Hətta Qurultayın protokollarında əksini tapan çıxışlarla tanış olduqda həmin dövrün ab-havasını, bu divarlara hopmuş ruhu və enerjini hiss etmək mümkündür. Bu birlik ruhu, ortaq dəyərlər ətrafında formalaşan düşüncə bu gün də yaşayır”.

Nazir Adil Kərimlinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə son illər Türk dünyasının ortaq tarixi və mədəni irsinin qorunması və təbliği istiqamətində ardıcıl addımlar atılır. Bu təşəbbüslər vahid mədəni məkanın formalaşmasına, türk xalqları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Çıxışlardan sonra bir qrup alimə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Tədbir öz işini panel iclasları ilə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: