Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.09.2026 14:16
  • A-
  • A
  • A+

Azərbaycan arxeoloqları beynəlxalq EAA-2026 toplantısında elmi sessiya keçiriblər

Azərbaycan arxeoloqları beynəlxalq EAA-2026 toplantısında elmi sessiya keçiriblər

26–29 avqust 2026-cı il tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində Avropa Arxeoloqlar Assosiasiyasının (European Association of Archaeologists – EAA) 32-ci illik toplantısı keçirilib.

Avropanın və dünyanın müxtəlif ölkələrindən arxeoloq və digər əlaqəli elm sahələrinin mütəxəssislərini bir araya gətirən beynəlxalq tədbirdə bir sıra arxeoloji konfrans bölmələri təşkil olunmuşdur.

Toplantıda Koreyanın Seul Universitetinin professoru Kim Jong-İl və AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d Zaur Həsənovun həmtəşkilatçılığı ilə “Cənubi Qafqaz bölgəsində siyasi gücün artması və şəhərləşmə” (“Growth of Political Power and Urbanization in Southern Caucasian Region”) adlı elmi bölmə keçirilmişdir. Azərbaycanın, İsveçrənin, Almaniyanın, İngiltərənin və Koreyanın müxtəlif universitetlərinin və elmi institutlarının arxeoloqları məruzələrlə çıxış etmiş və regionun arxeoloji irsinin beynəlxalq elmi platformada kompleks şəkildə müzakirəsini aparmışlar.

Bölmədə Zaur Həsənovun, Kim-Jong İlin və isveçrəli arxeoloq Dr. Gino Casparinin həmrəhbərliyi ilə aparılan Azərbaycan-Koreya-İsveçrə arxeoloji ekspedisiyasının 2022–2025-ci illərdə “Yedditəpə-Füzuli” Dəmir dövrü kurqanlar abidəsində, aparıcı elmi işçi, t.ü.f.d., dosent Şamil Nəcəfovun və Almaniyanın Vürzburq Universitetinin  professoru Martin Gruberin həmrəhbərliyi ilə aparılan Azərbaycan-Almaniya arxeoloji ekspedisiyasının 2025-2026-ci illərdə Ağstafa rayonu Son Tunc və Dəmir dövrləri Ağalıqtəpə yaşayış yerində,  Kim-Jong İlin və aparıcı elmi işçi, t.ü.f.d. Ceyhun Eminlinin həmrəhbərliyi ilə Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının Qəbələdə aparılan Antik və Orta əsrlər dövrlərinə aid Səlbir abidəsində arxeoloji tədqiqatların nəticələri dinlənilmişdir.

Bölmədə o cümlədən AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi və doktorantı Nərmin Məmmədli Şəkidə “Kiş-Doxun və Təpəbaşı abidələrində dəfn adətləri” adlı məruzədə Azərbaycan-Qazaxıstan arxeoloji ekspedisiyasının tərkibində dissertasiya mövzusu üzrə apardığı arxeoloji tədqiqatların nəticələrini təqdim etmişdir. Kembric Universitetinin doktorantı Jinoh Kim “Qafqaz Albaniyasında şəhər mərkəzinin formalaşma prosesi Avropa Oppidası ilə müqayisədə” adlı məruzə ilə çıxış etmişdir. Əlavə olaraq bölmədə xarici arxeoloqların Cənubi Qafqazla bağlı 6 məruzəsi dinlənildi. Toplantının bölmələrində həmçinin böyük elmi işçi Lola Hüseynova da məruzə ilə iştirak etmişdir. 

Assosiasiyanın 32-ci İllik Toplantısında Azərbaycan arxeoloqlarının iştirakı ölkənin arxeoloji irsinin və aparılan elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan mütəxəssislərlə elmi fikir mübadiləsinin aparılması, yeni beynəlxalq əlaqələrin qurulması və Cənubi Qafqaz arxeologiyasına dair aktual məsələlərin müzakirəsi üçün imkan yaranıb.

Assosiasiyanın bu ilki toplantısı arxeoloji tədqiqatlarda maddi mədəniyyət, interdisiplinar yanaşmalar, mədəni irsin qorunması, keçmiş və müasir dünyada dəyişən mühit, qarşılıqlı əlaqələr, mobillik və Aralıq dənizi regionunun arxeoloji prosesləri də daxil olmaqla geniş elmi istiqamətləri əhatə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: