Məktəb yalnız bilik verilən məkan deyil. Məktəb şagirdin şəxsiyyətinin, dünyagörüşünün, sosial bacarıqlarının formalaşdığı bütöv bir həyat mərhələsidir. Məktəb milli və ümumbəşəri dəyərlərin mənimsənildiyi mühüm tərbiyə ocağıdır. Çünki məktəb dostlardır, məktəb cəmiyyətlə ünsiyyət körpüsüdür. Məktəb cəmiyyət üçün həyati əhəmiyyətli bir sosial qurumdur və sadəcə bilik vermək deyil, daha geniş sahələri əhatə edir. O, inkişafı, sabitliyi və nəsillərarası davamlılığı təmin edərək əsas funksiyaları yerinə yetirir. Bu baxımdan məktəb mühiti, təhsil qaydaları və şagirdlərin geyim formasından tutmuş davranış mədəniyyətinə qədər məsələlər həmişə dövlətin və cəmiyyətin diqqət mərkəzində olmuş, xüsusi əhəmiyyət daşımışdır.
Əgər metaforik olaraq bir sinfi və ya məktəbi böyük bir mozaikaya, canlı bir tabloya bənzətsək, oradan boylanan hər bir uşağın unikallığını və eyni zamanda bütün komanda üçün əhəmiyyətini, bu vahid tablonu necə tamamladığını görəcəyik. Və bu mükəmməl vahidlik içində hər bir uşaq, şagird şəxsiyyəti əvəzolunmaz bir elementdir. Onun bircəsinin yoxluğu ilə bu tablo natamam qala bilər. Çünki hər şagird bu vahid rəngarəng mənzərənin bir hissəsidir. Bu vahidlik milli kimlik, həmrəylik, bərabərlik, qarşılıqlı hörmət və gələcəyə ortaq məsuliyyət estafetini davam etdirmək deməkdir. Müxtəliflik gözəllik yaradır. Bütün şagirdlər öz istedadları, xarakterləri və qəribəlikləri ilə fərqlidirlər, lakin birlikdə ahəngdar bir bütövlük tablosu yaradırlar.
Vahid məktəbli forması da bu bütövlük tablosunun bir elementidir. Vahid məktəbli forması bir çox ölkələrdə dövlət siyasəti səviyyəsində nizam-intizamın və təhsilin dünyəvi xarakterinin qorunması üçün zəruri hesab olunur. Unutmayaq ki, məktəb düşünən, araşdıran, fərqli fikirlərə hörmət edən, milli kimliyini dərk edən və cəmiyyət qarşısında məsuliyyətini anlayan gənclər yetişdirməlidir. Bunun üçün ilk növbədə sosial bərabərlik, intizam və qaydalara riayət ilkin şərtlərdir. Bu səbəbdən vahid məktəbli geyimilə bağlı qaydalar tətbiq edilərkən onların məqsədi şagirdlərə aydın izah edilməli, tətbiq zamanı həssaslıq və ədalət prinsipləri qorunmalıdır. Çünki təhsilin əsas məqsədi uşaqları bir-birindən ayırmaq deyil, onları bilik və mənəvi dəyərlər ətrafında birləşdirməkdir. Ailələr arasında vizual fərqlər aradan qaldırmaq və zorakılıq və paxıllıq risklərini azaltmaq da bu sıraya daxil edilə bilər. Məktəbli formalar şagirdləri təlim prosesinə hazırlayır, diqqəti yayındıran amilləri azaldır və peşəkar atmosfer yaradır.
Baş örtüyü hər bir xalqın mənəvi dünyasında, etnoqrafik xarakterində özünəməxsus görünüşü olan predmetdir. Bu predmet bütün xalqların, o cümlədən Azərbaycan xalqının milli-mənəvi irsində əsrlər boyu formalaşaraq yaşamışdır, zəngin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və mənəvi dəyərlərinə qovuşmuşdur. Bu qovuşma hər bir vətəndaşın məsuliyyət borcuna da çevrilmişdir.
Azərbaycan qadınının zərifliyini, sənətkarlığını və milli mədəniyyətini ifadə edən kəlağayı da bunun gözəl nümunəsidir. Milli geyim elementi olan kəlağayının UNESCO tərəfindən qeyri-maddi mədəni irs nümunəsi kimi tanınması onun beynəlxalq əhəmiyyətini göstərir.
Dünyəvi təhsil dövlət təhsil sisteminin dünyəvi prinsiplər əsasında təşkilini ifadə edir. Milli mədəniyyətin öyrədilməsi, tariximizin təbliği və ənənələrimizin yaşadılması isə cəmiyyətin mədəni inkişafının mühüm istiqamətləridir. Din mədəniyyəti cəmiyyətin demokratik hüquqları çərçivəsində formalaşan bir mədəniyyətdir. Və bu mədəniyyət məcburi rituallar, xurafat səviyyəsində təbliğ olunaraq məktəblərimizə sirayət edə bilməz. Uşaq və yeniyetmələrin hüquqularının təməlində dövlət təhsil sisteminin dünyəvi prinsipləri dayanır.
Uşağın təhsil hüququ və cəmiyyətin məsuliyyəti
Məktəb qapısı uşaqlar üçün bilik dünyasına açılan qapıdır. Bu qapının qarşısında qarşıdurma deyil, anlaşma və maarifləndirmə dayanmalıdır. Bu mövzuda ən həssas məqam şagirdlərin özüdür. Uşaqlar böyüklərin ictimai və ideoloji mübahisələrinin mərkəzində qalmamalıdırlar. Şagirdlərin təhsil alması, təhlükəsizliynin təmin olunması, şəxsiyyətinin təhdd və təhqir olunmaması, ləyaqətinə hörmətlə yanaşılması məsələlərində həm ailə, həm məktəb, həm də cəmiyyət məsuliyyət daşıyır. Mübahisə doğuran hallar, qaydaların tətbiqi zamanı yaranan suallar aydın izahlarla, valideynlərlə dialoq və hüquqi çərçivədə həll edilməlidir.
Gənc nəslin nümayəndəsi olaraq düşünürəm ki, həssas məsələlərdə mövqeyimizi bildirərkən həm dövlətin qanunlarına, həm milli-mənəvi dəyərlərimizə, həm də uşaqların hüquq və mənafelərinə hörmət və diqqətlə yanaşmalıyıq. Cəmiyyətdə sağlam müzakirə mədəniyyətinin formalaşması da elə bu yanaşmadan başlayır.
Mənim üçün “Hər şagird vahid mənzərənin bir hissəsidir” ifadəsinin mənası budur: hər bir uşaq ümumi təhsil sisteminin bərabərhüquqlu üzvüdür və onun gələcəyi cəmiyyətimizin gələcəyidir.
Biz milli kimliyimizi qoruyaraq müasir dünyaya açılmağı, qanunlara hörmət etməklə insan ləyaqətini müdafiə etməyi, ortaq qaydalar yaratmaqla fərqli insanların hüquqlarına həssas yanaşmağı bacarmalıyıq. Güclü cəmiyyət eyni zamanda bir-birinə hörmət edən, savadlı, düşüncəli və məsuliyyətli gənclərdən formalaşır.
Məktəbin ən böyük uğuru şagirdərinin uğurlarıdır, onların necə düşünməsi, nəyi və necə öyrənməsi və gələcəkdə cəmiyyətə layiqli töhfəsini verməsidir. Məktəblərdə vahid geyim formasının tətbiqinin müsbət mənada mənəvi-psixoloji, pedaqoji, sosial mahiyyətini düşünmək və düzgün qərarlara vətəndaş mövqeyindən hörmətlə yanaşmaq borcumuzdur.
Könül HÜSEYNOVA, AMEA Mərkəzi Elmi Kitabxanasının Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, doktorant