Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.10.2026 11:57
  • A-
  • A
  • A+

“Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpozium keçirilib

“Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpozium keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, nazirlik yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, AR ETN Molekulyar Biologiya İnstitutu və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.

Əvvəlcə simpozium iştirakçıları poster sessiyası ilə tanış olublar.

Daha sonra AR ETN Molekulyar Biologiya İnstitutunun akt zalında tədbirin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Simpoziumun sədri, AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., akademik İradə Hüseynova qonaqlara və simpozium iştirakçılarını salamlayıb, tədbirin işinə uğurlar arzulayıb. Sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş mühüm beynəlxalq elmi tədbiri açıq elan edən akademik ilk sözü Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova verib.

Əminağa Sadıqov öncə simpozium iştirakçılarına tədbirin fəxri sədri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru professor Ülkər Səttarovanın salamlarını çatdırıb.

O ilk növbədə qeyd edib ki, beynəlxalq simpoziumun şəhər mühitinin ekoloji və bioloji xüsusiyyətlərinin kompleks öyrənilməsi, mövcud problemlərin elmi əsaslarla təhlili və onların həlli istiqamətində müasir yanaşmaların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Natiq bildirib ki, şəhər ekologiyası əhalinin sağlamlığı, həyat keyfiyyəti və dayanıqlı şəhər inkişafı ilə bilavasitə bağlı olan çoxşaxəli elmi istiqamətdir.

AMEA-nın müxbir üzvü şəhər ekosistemlərinin fəaliyyət mexanizmlərinin araşdırılmasının, ekoloji risklərin qiymətləndirilməsinin və elmi nəticələrə əsaslanan idarəetmə qərarlarının hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Əminağa Sadıqov Bakının son 15–20 ildə sürətli inkişaf və genişmiqyaslı urbanizasiya mərhələsindən keçdiyini diqqətə çatdırıb. Bildirib ki, infrastrukturun yenilənməsi, yaşayış və ictimai məkanların inkişafı, nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, şəhərin ekoloji tarazlığının qorunması da prioritet istiqamət olmalıdır.

Natiq sıx tikililərin, asfalt və beton səthlərin genişlənməsinin, təbii örtüyün azalmasının, eləcə də binalarda istilik sistemlərindən geniş istifadənin şəhərin temperatur rejiminə təsir göstərə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu problemlərin effektiv həlli fundamental və tətbiqi tədqiqatların nəticələrinin şəhərsalma təcrübəsinə inteqrasiyasını, müxtəlif elm sahələri arasında əməkdaşlığın gücləndirilməsini və qərarların etibarlı elmi məlumatlar əsasında qəbulunu tələb edir.

Əminağa Sadıqov şəhər ekologiyası problemlərinin həllində multidissiplinar yanaşmanın mühüm rol oynadığını qeyd edib. Beynəlxalq simpoziumun müxtəlif ölkələrdən olan tədqiqatçıların təcrübə mübadiləsi aparması, yeni elmi əməkdaşlıqlar qurması və aktual problemlərə kompleks yanaşmalar formalaşdırması üçün mühüm platforma olduğunu bildirib.

Çıxışının sonunda Əminağa Sadıqov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin elmi tədqiqatların inkişafına, yeni tədqiqat istiqamətlərinin formalaşdırılmasına və yerli və beynəlxalq elmi tədbirlərin təşkilinə göstərdiyi dəstəyi vurğulayıb. O, simpoziumun şəhər ekologiyasının aktual problemlərinin müzakirəsinə, elmi bilik və təcrübə mübadiləsinə, eləcə də gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra çıxış üçün söz AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə verilib. O, tədbirin müasir dövrün aktual çağırışlarından birinə həsr olunduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli şəhərsalmanın ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin mühafizəsi və insan sağlamlığının təmin olunması ilə qarşılıqlı əlaqədə araşdırılmasının mühüm elmi və ictimai əhəmiyyət daşıdığını bildirib.

Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin ölkədə müasir şəhərsalma prinsiplərinin təşviqi, ekoloji dayanıqlılığın gücləndirilməsi və sağlam yaşayış mühitinin yaradılması baxımından xüsusi önəm daşıdığını qeyd edib. İl çərçivəsində AMEA-da da bu istiqamətdə müxtəlif elmi tədbirlərin keçirildiyini söyləyən akademik İsa Həbibbəyli hazırkı simpoziumun şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinin kompleks şəkildə öyrənilməsi, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıda duran elmi vəzifələrin dəqiqləşdirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli bildirib ki, XXI əsr yaşıl inkişaf, alternativ enerji mənbələri, ekoloji məsuliyyət, yaşıl iqtisadiyyat, ağıllı şəhər və kənd konsepsiyalarının ön plana çıxdığı yeni sivilizasiya mərhələsidir. Bu dəyişikliklər təkcə enerji və sənaye sahələrini deyil, şəhərsalma, təbii resurslardan istifadə, ətraf mühitin mühafizəsi və insanların həyat keyfiyyətinin yüksəldilməsi kimi istiqamətləri də əhatə edir. Onun sözlərinə görə, yaşıl sivilizasiya anlayışı ekoloji yanaşmalarla yanaşı, iqtisadi, texnoloji və sosial inkişafın vahid sistem daxilində uzlaşdırılmasını nəzərdə tutan daha geniş məzmun daşıyır.

AMEA-nın prezidenti Azərbaycanın yaşıl inkişaf strategiyasının müasir şəhərsalma siyasəti ilə əlaqələndirilməsinin vacibliyini vurğulayaraq, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinin bu baxımdan əhəmiyyətinə toxunub. Bildirib ki, Böyük Qayıdış çərçivəsində yeni yaşayış məntəqələrinin salınması və infrastrukturun qurulması tikinti işləri ilə məhdudlaşmamalı, ekoloji tarazlığın qorunması, alternativ enerji mənbələrinin tətbiqi və dayanıqlı yaşayış mühitinin yaradılması prinsiplərinə əsaslanmalıdır.

Akademik İsa Həbibbəyli simpoziumun şəhərsalmanın ətraf mühitə, bioloji müxtəlifliyə və insan sağlamlığına təsirlərinin elmi əsaslarla araşdırılması, müxtəlif elm sahələri arasında əməkdaşlığın genişləndirilməsi və dayanıqlı urban mühitinin formalaşdırılmasına yönəlmiş səmərəli təkliflərin hazırlanması baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova çıxış edərək şəhərlərin dayanıqlı inkişafının ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin mühafizəsi və insan sağlamlığının təmin olunması baxımından əhəmiyyətini qeyd edib. Vitse-prezident müasir şəhərlərin antropogen təsirlərin intensiv olduğu mürəkkəb sosial-ekoloji sistemlər olduğunu və onların planlaşdırılması zamanı ətraf mühitin mühafizəsi, təbii ekosistemlərin qorunması və sağlam yaşayış şəraitinin yaradılmasının əsas prioritetlər sırasında yer aldığını vurğulayıb.

Azərbaycanda ekoloji tarazlığın qorunması və şəhər mühitinin sağlamlaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən olduğunu söyləyən akademik İradə Hüseynova 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin və Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinin bu istiqamətin aktuallığını bir daha təsdiqlədiyini diqqətə çatdırıb.

Akademik İradə Hüseynova şəhər mühitinin sağlamlaşdırılmasında yaşıl və mavi infrastrukturun inkişafının, yerli iqlim şəraitinə uyğun bitki növlərinin seçilməsinin, atmosfer havasının çirklənməsi və digər ekoloji amillərin insan sağlamlığına təsirlərinin elmi əsaslarla qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, “Vahid Sağlamlıq” və “Planetar Sağlamlıq” konsepsiyalarının tətbiqi şəhər mühitində yaranan risklərin müəyyənləşdirilməsi və profilaktik tədbirlərin səmərəli planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

AMEA-nın vitse-prezidenti simpoziumun beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və aktual problemlərin multidissiplinar yanaşma əsasında araşdırılması üçün əhəmiyyətli platforma olduğunu bildirib. O, tədbirdə təqdim olunacaq 110 tezisdə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Slovakiya, İran, Pakistan, Ukrayna, Qazaxıstan və Avstraliyanın alim və tədqiqatçılarının araşdırmalarının da yer alacağını diqqətə çatdırıb.

Azərbaycan Tibb Universitetinin professoru, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyev çıxışında Bakının son illərdə sürətlə inkişaf etməsi ilə yanaşı, şəhər mühitinin təhlükəsizliyinin təmin olunması, infrastrukturun təkmilləşdirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra məsələlərin aktual olaraq qaldığını bildirib.

Sudeyf İmamverdiyev, həmçinin Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, əhalinin doğma torpaqlarına qayıdışının, yaşayış şəraitinin və məşğulluğunun təmin edilməsinin əhəmiyyətinə toxunub. O, bu kimi beynəlxalq elmi tədbirlərin aktual problemlərin müzakirəsi, təcrübə mübadiləsinin aparılması və onların həlli istiqamətində səmərəli təkliflərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra beynəlxalq elmi simpozium öz işini plenar iclasla davam etdirib.

  • Paylaş: