Avqustun 12-də tanınmış geoloq alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Bağır Əli oğlu Bağırovun 90 yaşı tamam olur.
B.Ə. Bağırov 1936-cı ildə Masallı rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə “Leninneft” (hazırda “Balaxanineft”) NQÇİ-də başlamış, burada operator, geoloq və böyük geoloq vəzifələrində çalışmışdır.
B.Ə.Bağırov 1968-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1990-cı ildə isə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
1969–1988-ci illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda laboratoriya rəhbəri, direktor müavini və şöbə müdiri vəzifələrində işləmişdir. 1989–2016-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kafedra müdiri vəzifəsində çalışmış, 2016-cı ildən isə həmin kafedrada professor-məsləhətçi kimi fəaliyyət göstərir.
B.Ə.Bağırov 312 elmi əsərin, o cümlədən bir neçə monoqrafiya və tədris-metodik vəsaitin müəllifidir.
Tanınmış geoloq alimi yubiley münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində yeni uğurlar arzu edirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.