Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Cəmil Əliyevin 80 yaşı tamam olur
30.03.2026 12:00
  • A-
  • A
  • A+

Akademik Cəmil Əliyevin 80 yaşı tamam olur

Tibb sahəsində görkəmli alim, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, AMEA Rəyasət Heyətinin üzvü, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cəmil Əziz oğlu Əliyevin 80 yaşı tamam olur.

Akademik Cəmil Əliyev 20 mart 1946-cı ildə Bakı şəhərində anadan olmuş, 1968-ci ildə N.Nərimanov adına  Azərbaycan Dövlət Tibb İnstitutunu (hazırda Azərbaycan Tibb Universiteti) bitirmişdir. 1973-cü ildə “Onkologiya” ixtisası üzrə namizədlik, 1978-ci ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində (ÜÖEM) doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1987-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə “Onkologiya” ixtisası üzrə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Alim, həmçinin Beynəlxalq Ekoenergetika Akademiyasının (1995), Avropa Təbiət Elmləri Akademiyasının, Gürcüstan Milli Elmlər Akademiyasının (2010), Rusiya Təbiət Elmləri Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (2012), Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), ABŞ-ın M.D.Anderson Xərçəng Mərkəzinin, Birləşmiş Krallığın Hammersmit Kral Universiteti Hospitalının fəxri professoru (2015), bir çox beynəlxalq elmi qurumların və ictimai təşkilatların üzvüdür.

Akademik Cəmil Əliyev elmi fəaliyyətinin Moskva dövründə tibb elminin nəzəri və praktiki tərəflərini uğurla birləşdirərək, yüksəkixtisaslı praktiki cərrah kimi yetişmişdir. O, 1974-1978-ci illərdə ÜOEM-də əvvəlcə elmi işçi, daha sonra böyük elmi işçi kimi tədqiqatlarını davam etdirməklə yanaşı, ÜOEM-in kliniki bazası olan Podolsk Mərkəzi Xəstəxanasında çoxsaylı cərrahi əməliyyatlarda iştirak etmişdir. Alim Azərbaycan SSR SN ET Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunda (hazırda AR SN Milli Onkologiya Mərkəzi) böyük elmi işçidən (1976) baş direktor (1990-cı ildən) vəzifəsinədək yüksəlmişdir.

Akademik Cəmil Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanda daha çox rast gəlinən bədxassəli şişlər üzrə geniş həcmdə elmi tədqiqat işləri aparılmış, dünyanın bütün elmi dairələrində qəbul olunan mühüm nailiyyətlər əldə edilmişdir. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini süd vəzisi xərçəngi, dəri, başın yumşaq toxumaları və boyun şişləri, qırtlaq və digər daxili orqanların bədxassəli şişlərinin epidemiologiyası, müalicə və reabilitasiyası, süd vəzisinin bəd və xoşxassəli şişləri olan xəstələrdə B və C virusu hepatitlərinin yayılması problemləri təşkil edir.

Akademik Cəmil Əliyev Azərbaycanda müasir klinik onkologiyanın və süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi üzrə elmi məktəbin banilərindən biridir. Alimin elmi-pedaqoji fəaliyyəti geniş diapazonu ilə fərqlənir və əldə etdiyi nailiyyətlər baxımından çox dəyərlidir. O, 1970-ci illərin sonlarından Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasında böyük elmi işçi, 1994-cü ildən bu günə kimi isə kafedra müdiri kimi həm yerli, həm də dünyanın müxtəlif ölkələrindən gəlmiş həkim kadrların ixtisaslarının təkmilləşdirilməsində, müalicə və profilaktika sahəsində bilik və bacarıqlarının artırılmasında böyük xidmətlər göstərmişdir. Cəmil Əliyev 1993-cü ildən AR SN Milli Onkologiya Mərkəzinin nəzdində “Onkologiya”, “Şüa diaqnostikası”, “Şüa terapiyası” ixtisaslarında fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya şurasının sədri kimi də respublika üçün onkoloq alim kadrların hazırlığında böyük rol oynayır.

Cəmil Əliyev 500-dən artıq elmi əsərin, o cümlədən 25 monoqrafiya və dərs vəsaitinin, 10 ixtira və səmərələşdirici təklifin müəllifidir. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 50 fəlsəfə və 10 elmlər doktoru hazırlanmışdır.

Akademik Cəmil Əliyev respublikada və xarici ölkələrdə (ABŞ, Almaniya, Fransa, Yaponiya, Türkiyə, Kanada, İngiltərə, Avstriya, İtaliya, Rusiya və s.) keçirilən çoxsaylı konqres, simpozium və digər elmi toplantılarda onkologiyanın əsas problemlərinə dair məruzələrlə çıxış etmiş, həmin tədbirlərin rəhbər orqanlarına sədr və üzv seçilmişdir. O, MDB ölkələrinin Onkoloqlar Assosiasiyasının (1995), Avropa Onkoloqları Assosiasiyasının üzvü (1997), AR SN Milli Onkologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən fəlsəfə doktorluğu üzrə Dissertasiya şurasının sədri, “Azərbaycan Tibb jurnalı”nın, “Sağlamlıq”, “Биомедицина”, “Journal of oncological sciences” (Türkiyə Tibbi Onkologiya Cəmiyyətinin rəsmi orqanı), “Cərrahiyyə”, “Хирургия. Восточная Европа” jurnallarının redaksiya heyətlərinin üzvü, “Azərbaycan onkologiya jurnalı”nın baş redaktorudur.

Akademik Cəmil Əliyev məhsuldar elmi, həkimlik və ictimai fəaliyyətinə görə Azərbaycan Respublikasının Əməkdar elm xadimi (2000), Dağıstan Respublikasının Əməkdar elm xadimi (2011), “Avropanın fəxri alimi” (2015), BMT-nin Beynəlxalq Mükafatlar Şurasının qərarı ilə “Elm və Sülh elçisi” (2018) fəxri adlarına layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Şöhrət” (2006) və “Şərəf” (2016) ordenləri, “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının “Akademik N.Petrov adına” (1980), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik Yusif Məmmədəliyev adına” (1996) və “Akademik Mustafa Topçubaşov adına” (2003), qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı elmi əsərlərinə görə AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov adına” (2015) mükafatları, Beynəlxalq Ekoenergetika Akademiyasının (2011) və “Türk dünyasına xidmət” Böyük Qızıl medalları (2015), Avropa Təbiət Elmləri Akademiyasının “N.Piroqov” ordeni (2015), Avropanın V.Leybnits medalı (2015), Dağıstan Respublikasının “Doğma torpağa məhəbbət” fəxri nişanı (2016), Pavlov adına Qızıl döş nişanı (2016), Avropa ali xidmət ordeni (2016), “Akademik N.N.Trapeznikov” medalı (2020), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Heydər Əliyevin 100 illiyi (1923-2023)“ yubiley medalı (2024), AMEA-nın “Aziz Sancar” döş nişanı (2025), dövlət və ictimai təşkilatların bir sıra fəxri fərmanları ilə təltif edilmişdir.

Azərbaycanın görkəmli onkoloq alimini 80 illik şərəfli yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, tibb elminin və milli səhiyyəmizin inkişafı yolunda daha böyük nailiyyətlər arzulayırıq.

  • Paylaş: