AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Gürcüstanın Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun Folklor departamentinin professoru Eka Çxeidze, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Folklor kafedrasının nümayəndələri professor Ketevan Sixarulidze və professor Xvtiso Mamisimedişvili ilə görüşüb.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan-Gürcüstan münasibətlərinin son illərdə bütün sahələrdə olduğu kimi, elmi müstəvidə də sürətlə inkişaf etdiyini bildirib.
Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu artıq beş ildir Nizami Gəncəvi və Şota Rustaveli yaradıcılığına həsr olunmuş birgə layihə üzərində işləyir. Layihə çərçivəsində hazırlanan kitab Tbilisidə gürcü dilində, Kembricdə isə ingilis dilində nəşr olunub. Akademik İsa Həbibbəyli bunu iki ölkənin elmi əməkdaşlığının birgə nailiyyəti kimi qiymətləndirib.
AMEA prezidenti gələcək əməkdaşlıq planlarından da danışaraq diqqətə çatdırıb ki, Azərbaycan və Gürcüstanın müvafiq elmi müəssisələri arasında iki yeni - “Türk dünyası eposları və gürcü eposu” və “Ədəbiyyatda Azərbaycan və Gürcüstan altmışıncıları cərəyanı” layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdə çıxış edən Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun Folklor departamentinin professoru Eka Çxeidze iki ölkə arasında folklor sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib. Professor Azərbaycan və Gürcüstan arasında folklor sahəsində qarşılıqlı təsirlərin elmi cəhətdən araşdırılmasının əhəmiyyətini vurğulayıb.
Professor Eka Çxeidze Azərbaycan və Gürcüstan alimləri arasında əməkdaşlığın davam etdirilməsinin, ortaq folklor layihələrinin həyata keçirilməsinin və gələcək tədqiqatların genişləndirilməsinin vacibliyinə toxunub.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Folklor kafedrasının nümayəndəsi professor Xvtiso Mamisimedişvili çıxışında gürcü alimlərinin Gürcüstan-Azərbaycan elmi və mədəni əməkdaşlığının gələcək inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Görüşdə Əməkdar incəsənət xadimi, siyasi elmlər üzrə fəlsəfə doktoru İsmayıl Ömərov və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.