AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Vyetnamın rəsmi mətbu orqanı olan “Kommunist” jurnalının baş redaktorunun müavini Dr. Nquyen Nqok Hanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan-Vyetnam əlaqələrinin böyük tarixi ənənələrə malik olduğunu bildirib.
Prezident İlham Əliyevin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini deyən akademik İsa Həbibbəyli son illərdə iki ölkə arasında elm və təhsil sahəsində də münasibətlərin inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, müasir dövrdə AMEA ilə Vyetnamın müvafiq elm və təhsil müəssisələri arasında yeni əlaqələr formalaşmaqdadır. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Vyetnam ədəbiyyatının inkişaf tarixinə həsr olunmuş Azərbaycan dilində monoqrafiya işıq üzü görüb və hazırda rus dilinə də tərcümə olunan nəşrin yaxın vaxtlarda çapı nəzərdə tutulur.
AMEA prezidenti həmçinin Akademiyada “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini, tədbirdə Çin, Pakistan, Cənubi Koreya, Malayziya, Sinqapur və Vyetnam da daxil olmaqla bir sıra Asiya dövlətlərinin iştirak etdiyini söyləyib. Diqqətə çatdırıb ki, konfransda Vyetnamı Hanoy Universitetinin professoru təmsil edib. Akademik İsa Həbibbəyli, o cümlədən Vyetnam Sosial Elmlər Akademiyasının vitse-prezidenti və nümayəndə heyətinin AMEA-nın 80 illik yubiley tədbirlərində də iştirak etdklərini söyləyib.
Bundan əlavə, AMEA ilə Vyetnam Sosial Elmlər Akademiyası arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilənin bağlanması istiqamətində müzakirələrin aparıldığını söyləyib. AMEA rəhbəri vurğulayıb ki, bu müqavilənin imzalanması Azərbaycan-Vyetnam elmi əlaqələrində yeni mərhələnin başlanğıcı olacaq.
Akademik İsa Həbibbəyli vyetnamlı nümayəndələrin Azərbaycana səfərinin və AMEA-da keçirilən görüşün gələcək əməkdaşlığın inkişafına stimul verəcəyini söyləyib. O, Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin, eləcə də elmi əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə çıxış edən Vyetnam nümayəndə heyətinin rəhbəri Dr. Nquyen Nqok Ha səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycanın bugünkü inkişafı istiqamətində əldə etdiyi nailiyyətlərə heyranlığını ifadə edib.
İki ölkə arasında güclü dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan qonaq Azərbaycanda təhsil almış çoxsaylı vyetnamlı tələbələrin hazırda Vyetnamda rəhbər vəzifələrdə çalışdığını qeyd edib. Onun sözlərinə görə, həmin şəxslər dövlət idarəçiliyində, parlamentdə və müxtəlif sahələrdə rəhbər postlar tuturlar. O, həmçinin Azərbaycandan neft və qaz hasilatı sahəsində də qiymətli biliklər əldə etdiklərini bildirib. Vyetnam nümayəndəsi hər iki ölkənin hazırda güclü inkişaf prosesinə qədəm qoyduğunu diqqətə çatdırıb və qeyd edib ki, bu inkişafda elmi tədqiqatların rolu böyükdür və elmə olan ehtiyac hər keçən gün daha da artır. Dr. Nquyen Nqok Ha Vyetnam-Azərbaycan elmi əlaqələrinin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.
“Kommunist” jurnalının fəaliyyətindən danışan baş redaktor müavini nəşrin eyni zamanda elmi tədqiqat funksiyasını daşıdığını söyləyib. Qeyd edib ki, jurnal nəzəri və siyasi tədqiqatlar aparır, ölkənin və dövlətin idarəetmə modellərini, inkişaf prosesində sosial məsələləri, mədəniyyəti və onun inkişafına təsir edən amilləri, eləcə də beynəlxalq əlaqələri araşdırır.
Dr. Nquyen Nqok Ha bugünkü görüşün və əməkdaşlığın ölkələrimizin bir-birini daha yaxından tanımasına və elm sahəsində əlaqələrin inkişafına təkan verəcəyini söyləyib.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Vyetnamlı qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə də tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.