AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çin Xalq Respublikasına səfəri çərçivəsində Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyasının prezidenti, tarix elmləri doktoru, professor Çi Siaoyən ilə görüşüb.
Əvvəlcə Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyası haqqında videoçarx nümayiş olunub.
Görüşdə çıxış edən Assosiasiyanın prezidenti, tarix elmləri doktoru, professor Çi Siaoyən rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında imzalanacaq anlaşma memorandumunun əhəmiyyətini vurğulayan qurum rəhbəri qarşılıqlı elmi əlaqələrin inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək səmimi qarşılanmaya görə qurumun rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycanla Çinin elmi qurumları arasındakı əlaqələrin yüksək templə inkişaf etdirildiyini vurğulayan AMEA rəhbəri bu gün imzalanacaq anlaşma memorandumunun elmi əlaqələrimizin genişləndirilməsinə şərait yaradacağını diqqətə çatdırıb.
Sonda Azərbaycan Milli Elmlər Akademiyası ilə Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Assosiasiyası arasında Anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən akademik İsa Həbibbəyli, Çin tərəfindən isə professor Çi Siaoyən imzalayıblar.
Görüşdə qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.