Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Ramiz Məmmədovun anadan olmasının 75-ci ildönümüdür
04.02.2025 17:20
  • A-
  • A
  • A+

Akademik Ramiz Məmmədovun anadan olmasının 75-ci ildönümüdür

Fevralın 4-ü görkəmli coğrafiyaçı alim, tanınmış xəzərşünas və okeanoloq, akademik H.Əliyev adına Coğrafiya İnstitutunun sabiq direktoru, Dövlət mükafatı laureatı, Şöhrət ordenli akademik Ramiz Məmmədovun anadan olmasının 75-ci ildönümüdür.

Ramiz Məmmədov 1950-ci il fevralın 4-də  Gürcüstan Respublikası Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.

Elmi fəaliyyətə 1973-cü ildə AR Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzindən başlayıb.  1980-ci ildə o, “Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə” mövzusunda Moskva Okeanologiya İnstitutunda «Okeanologiya» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.

1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildən isə həm də bu İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. 2012-ci ildən ömrünün sonunadək AMEA akademik. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışıb.

Alim 1995-cı ildə “Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yayılmasına təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını alıb, 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilib.

R.Məmmədovun  elmi tədqiqatları əsasən Xəzər dənizinin ən aktual problemlərinə - hidrologiyasına, hidrofızikasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafı modelinin yaradılmasına, Xəzər dənizinin status probleminə və ümumiyyətlə, Xəzərin ekocoğrafıyasına həsr olunub.

Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin tədqiqi, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi də R.Məmmədovun əsas tədqiqat istiqamətlərindəndir.

R. Məmmədov  320-dən çox  elmi məqalə, 15 kitab və 1 atlasın müəllifidir, 20-dən artıq işi AMEA-nın mühüm nəticələrinin siyahısına daxil edilib.

Xəzərşünas alim Azərbaycan Respublikasında Xəzərin kompleks tədqiqat planını tərtib edib və Bakıda Xəzərə aid beynəlxalq və respublika konfranslarının keçirilməsinin təşkilatçısı və aktiv iştirakçılarından olub.  UNEP proqramı çərçivəsində Azərbaycan Respublikasının ilk Milli Hesabatına müəlliflik edib. Prezident İlham Əliyevin 02 mart 2016-cı il Sərəncamı ilə akademik Ramiz Məmmədov “Azərbaycanın Fövqəladə Hallar Atlası”nın hazırlanmasında məsul katib təyin edilib.

R. Məmmədov dünyanın 82 şəhərində müxtəlif elmi toplantılarında iştirak edib. ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Avropanın Kopernikus, İNTAS, Çərçivə Proqramı 6 və 7, NATO-nun “Elm Sülh Naminə” və s. beynəlxalq fondların elmi qrantlarına layiq görülüb.

R. Məmmədovun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanıb. BDU, ADPU, Aviasiya Akademiyasında tələbələrə dərs deyib. 

Ramiz Məmmədov bir sıra respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarının üzvü kimi fəaliyyət göstərib. Onun fəaliyyəti dövründə Azərbaycanın coğrafiya elmində  neçə-neçə əhəmiyyətli uğura imza atılıb.

Özünün əməyi, zəhmətsevərliyi, məqsədyönlü yaradıcılığı ilə gənclərimizə örnək olan görkəmli alim, elm təşkilatçısı, müəssisə rəhbəri, səmimi insan Ramiz Məmmədov onu tanıyanların qəlbində daima yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: