Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Xızı rayonunda yerləşən torpaq sahələri ilə bağlı məlumat
02.06.2021 17:50
  • A-
  • A
  • A+

AMEA-nın Xızı rayonunda yerləşən torpaq sahələri ilə bağlı məlumat

Xızı rayonunun Yarımca kəndinin yaxınlığındakı 174 hektarlıq torpaq sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli qərarı ilə AMEA-nın balansına verilmişdir. Lakin SSRİ-nin süqutundan sonra nəzarətsiz qalmış torpaqları müxtəlif vaxtlarda ayrı-ayrı fiziki şəxslər və iş adamları qanunsuz şəkildə istismar etmişdir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin bu elm məbədinə rəhbərlik etməyə başlamasından sonra bütün sahələrdə, o cümlədən AMEA-ya məxsus torpaq sahələri ilə bağlı islahatlar aparılmış, bununla əlaqədar müvafiq tapşırıqlar vermişdir. Araşdırmalar zamanı sözügedən torpaq sahələri ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilmiş, AMEA Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli qərarı ilə bu torpaqların istifadəsi AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin sərəncamına verilmişdir.

AMEA Rəyasət Heyəti 3 oktyabr 2018-ci il tarixində bu torpaqların bağçılıq və bostançılıq məqsədilə AMEA əməkdaşlarına müvəqqəti istifadəyə verilməsinə dair qərar qəbul etmişdir. İşin təşkili məqsədilə müvafiq komissiya yaradılmış, nəticədə torpaqların hər biri 10 sot olmaqla 312 əməkdaşa müqavilə əsasında ayrılmışdır. Müqaviləyə əsasən, əməkdaşlar tərəfindən ilkin olaraq 50 manat, daha sonra isə 15 manat məbləğində vəsait ərazidə müvafiq yol, su və işıq infrastrukturunun yaradılması üçün AMEA-nın İşlər İdarəsinin hesabına köçürülmüşdür. Təəssüflər olsun ki, həmin vəsait müqabilində İşlər İdarəsi heç bir tədbir görməmiş, həmçinin qanunvericiliyin tələblərini pozaraq uyğun olmayan şəkildə müqavilələr imzalanmışdır.

Proseslərin qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənməsi məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova məktub ünvanlayıb.

Məktubda Akademiyanın 312 əməkdaşına həmin torpaqların qanunvericiliyin tələblərinə uyğun olaraq verilməsi və bununla bağlı Nazirlər Kabinetindən AMEA-ya rəsmi razılıq məktubunun təqdim olunması ilə əlaqədar müraciət olunub.

Məktub rəsmi olaraq cavablandırıldıqdan sonra AMEA Rəyasət Heyətinin qərarı ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə, eyni zamanda Xızı rayonunda yerləşən torpaqların təyinatı üzrə istifadə edilməsi məqsədilə həmin əməkdaşların müqavilələrinin yenilənməsi nəzərdə tutulur.

Bununla bağlı AMEA-nın “Elm TV” internet televiziyasında videosüjet hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: