Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan dilinin tarixində ilk orfoepiya normaları
22.06.2021 15:42
  • A-
  • A
  • A+

Azərbaycan dilinin tarixində ilk orfoepiya normaları

“Azərbaycan dilinin orfoepiya normaları” Nazirlər Kabinetinin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarına əsasən təsdiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərəfindən “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsi işlənilib hazırlanıb.

Ədəbi dilin normaları universaldır və ünsiyyətdə tənzimləyici kimi çıxış edir. Orfoepiya normaları ədəbi dilin strukturu ilə  bağlıdır. Bu  norma ədəbi dilimizə daxil olan bütün sözlərin nitqdə düzgün tələffüzünü təmin edir.

Dil mədəniyyətin güzgüsüdür. Yazılı ədəbi dilin normaları olduğu kimi, şifahi ədəbi dilin də normaları vardır.

Yazılı ədəbi dilin normaları tam müəyyənləşdirilib və bu sahədə xeyli işlər görülüb. Lakin şifahi ədəbi dilimizin normalarına riayət etmək və bu sahədə qaydalar yaratmaq uzun illərdir vacib məsələlərdən biri idi.

İlk dəfə olaraq Azərbaycan dilinin orfoepiya normaları 21 iyun 2021-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Orfoepiya normaları şifahi nitqi tənzimləyir. Eyni sözün müxtəlif formalarda tələffüz olunmasına yol vermir.

Bu normalar müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin, şəkilçilərin və ixtisarların düzgün tələffüzü qaydalarının müəyyən edilməsi və tətbiqi məqsədilə hazırlanıb.

Müasir dövrdə tələffüzün əsasını Azərbaycan ziyalılarının danışığı təşkil edir. Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır. Tələffüz nümunəvi nitqin mühüm amilidir.

Orfoqrafiya və orfoepiya məsələsi dil məsələsidir. Dilimizin yazılı və şifahi normaları arasında xüsusi fərqlərin olmasına baxmayaraq, yazılı dilin normalarını orfoepik normalardan ayrı təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, B.Çobanzadə 1920-ci illərdə orfoqrafiya məsələlərinin nizama salınmasında tələffüzün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Orfoepiyanın böyük ictimai əhəmiyyəti var. Orfoepiya ədəbi dilin şifahi qolunu formalaşdıran bir sistemdir. Hər bir nitq necə tərtib olunursa-olunsun, onun dinləyiciyə çatdırılması tələffüzün üzərinə düşür. Sözlərin düzgünlüyü, səlisliyi, aydınlığı tələffüzün əsasını təşkil edir.

Müasir dövrümüzdə mətbuatın, təhsilin kütləviləşməsi nəticəsində tələffüz normalarına xüsusi önəm verilir. Orfoepik normalar ekran, efir dilində sözün səlis tələffüzünü təmin edir. Yeni hazırlanan orfoepiya normaları KİV-in televiziya və radio sahəsinə öz müsbət təsirini göstərəcəkdir. Dildə gedən proseslərlə cəmiyyətin inkişafı arasında sıx əlaqə var. Bu gün mətbuatın televiziya və radio sahəsində ədəbi dilin şifahi qolu yeni keyfiyyət qazanır. Ünsiyyət zamanı nitqin qavranılması üçün düzgün tələffüz əsasdır. Düzgün nitq ədəbi dilin normalarına uyğun bir nitqdir.

Ədəbi tələffüz normalarına riayət edən şəxslərin nitqi kamil nitq mədəniyyətinin səviyyəsi isə yüksək olur. Şifahi nitqin inkişafı üçün orfoepiya normaları xüsusi əhəmiyyəti kəsb edir. Hər bir şəxs fikrini necə şərh edirsə etsin, orfoepik normalara riayət etməlidir.

Orfoepiya üzrə işlər həm nəzəri, həm də praktik istiqamətdə aparılır.  Qeyd edək ki, dildə orfoepiya lüğətlərinin də tarixi qədim deyil. Nəsimi adına Dilçilik İnstitutunun qarşıda duran  əsas vəzifələrindən biri orfoepiya lüğətinin çapa hazırlanmasıdır. Bu istiqamətdə ciddi işlər görülür.

Təranə ŞÜKÜRLÜ, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi, filologiya üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: