Tarixin gedişini dəyişdirməyə və milləti, dövləti dirçəlişə aparmağa yalnız ağır zəhmət və istedadlı lider qadirdir. Amerika psixoloqu K.Berd müxtəlif tədqiqatçıların liderliyə aid etdikləri 79 xüsusiyyətin siyahını tərtib etmişdir. Onların arasında təşəbbüskarlıq, azarkeşlik, əminlik, mehribanlıq və s. adları çəkilmişdir. Görkəmli sosial - psixoloq B.D.Pariginin işlərində diqqətlə araşdırılmış və onların bir sıra fərqli cəhətləri göstərilmişdir. Liderlik idarəetmə münasibətlərinin spesifik tipi kimi sosial təsir prosesinə əsaslanır və o psixoloji bir fenomendir. Alman filosofu və sosioloqu M.Veber tərəfindən hazırlanmış tipologiya da digər tədqiqatçılara böyük təsir göstərmişdir. Amerika psixoloqu Ralf Stoqdill belə nəticəyə gəlmişdir ki, lideri əsasən beş keyfiyyətlə xarakterizə etmək olar: ağıl, başqalarından üstünlüyü, özünə əminlik, yüksək enerjililik və məqsədin dəqiq müəyyənləşdirilməsi.
Ulu Öndər Heydər Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, insanların, xüsusilə, gənc nəslin yüksək ideyalarla yaşayan vətəndaşlar kimi formalaşması istiqamətində böyük işlər görmüşdür. Bu işlər sayəsində gənclərin səfərbəredici gücü, imkanları daim artacaq, hərtərəfli inkişafa səbəb olacaqdır. Təsadüfi deyildir ki, milyonlarla insan onun ideyalarının daim yaşaması naminə çalışır, istiqamətlərini buna uyğun olaraq müəyyənləşdirir. Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi, həqiqətən, tükənməz bir xəzinədir. Heydər Əliyev bütün həyatını Azərbaycana – doğma xalqına sərf etmişdir. Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovşağındakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Hər bir xalq ancaq yetişdirdiyi müdrik siyasi liderin zəkası, iradəsi sayəsində öz milli sərvətlərinə sahib ola və onu gələcək inkişafına yönəldə bilər. Ümummilli Lider Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı uğurla yerinə yetirib. Bu böyük şəxsiyyətin irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilib, ölkəmizin hazırkı nailiyyətləri, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev kursunun, Azərbaycançılıq ideyasının uğurla reallaşdırılmasının bəhrəsidir. Bu gün fəxrlə deyirik ki, təlatümlü bir dövrdə respublikamızı parçalanmaq təhlükəsindən qurtaran, onu inkişaf etdirən, beynəlxalq aləmdə tanıdan, nüfuz qazandıran məhz Ulu Öndər Heydər Əliyev olub. Başqa sözlə, Ümummilli Lider bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb inkişaf etdirib, bütün dünyaya tanıdıb. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirərək, siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, titanik işgüzar keyfiyyətləri, ən əsası isə, xalqa olan dərin məhəbbəti nəticəsində Prezident İlham Əliyev qlobal çağırışlara cavab verən yeni islahatlar kursuna başlayaraq, çevik idarəçilik metoduna yiyələnmiş rəhbərdir.
Ulu Öndərin ideallarına və siyasi kursuna sadiq qalan Prezident İlham Əliyev qısa zamanda Azərbaycanı bütün sahələrdə zirvələrə daşımışdır. Ümumiyyətlə, onun güclü diplomatik təcrübəsi, idarəetmə və liderlik təcrübəsi Azərbaycanın inkişafında, iqtisadiyyatının güclənməsində, ordu quruculuğunda, neft strategiyalarının həyata keçirilməsində böyük rol oynamışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması, möhkəmlənməsi və inkişaf etdirilməsi kimi çətin və şərəfli bir işi məhz ona həvalə etmişdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmiş, mühüm işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını diqqətə çatdırmışdır: “Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu dəfələrlə demiş və eyni zamanda bunu əməli fəaliyyətilə də ortaya qoymuşdur. Məhz Ulu Öndər Heydər Əliyev dühası və onun varisi Prezident İlham Əliyevin idarəetmə bacarığı sayəsində Azərbaycan hazırda dünyanın ən güclü ölkələrindən biridir.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.