Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində “Məcidiyyə” nişanı qorunur
15.09.2021 12:09
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Məcidiyyə” nişanı qorunur

1918-ci il sentyabrın 15-də Azərbaycan və Osmanlı zabit və əsgərlərindən ibarət olan Qafqaz İslam Ordusunun qəhrəmanlığı nəticəsində Bakı şəhəri erməni-rus qüvvələrindən azad edilib. Məhz həmin gün Bakı gənc Azərbaycan Cümhuriyyətinin əbədi paytaxtı olub. İki gün sonra milli hökumət Gəncədən Bakıya köçüb. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Sovet dövründə bu hadisənin əhəmiyyətini məqsədli şəkildə unutdurmağa çalışsalar da, xalq türk əsgərlərinin qəhrəmanlığını könlündə yaşatdı, onları heç bir zaman unutmadı.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda h. 1268-ci ilə aid “Məcidiyyə” nişanı qorunur (diametri – 60 mm, uzunluğu – 95 mm). Günəş formasında olan gümüş nişanın yuxarı hissəsində beşguşəli ulduz və aypara, ondan aşağıda yeddi bucaqlı şüalar olan ulduzun guşələrində yeddi aypara-ulduzlar, mərkəzdəki qırmızı minadan olan dairənin üzərinə qızılı rəngli ərəbcə yazılar – “səadət”, “qeyrət”, “hamiyyət” və “1268” (m. 1851-ci il. Nişan Osmanlı sultanı Əbdülməcidin hakimiyyəti dövründə təsis olunub) həkk edilib. Dairənin daxilində Osmanlı tuğrasının təsviri, nişanın arxa tərəfində isə aypara daxilində Osmanlı zərbxanasının möhürü (“Zərbixanə Əmiri”) var.

Məlumdur ki, 1918-ci ildə Azərbaycan Cümhuriyyətinə hərbi kömək göstərmək üçün Qafqaz İslam Ordusu yaradılmışdı. Azərbaycanda həmin dövrdə təltif nişanları olmadığından Azərbaycan hərbçiləri də Osmanlı dövlətinin orden və medalları ilə təltif edilirdi. Hazırda Türkiyənin hərbi arxivlərində azərbaycanlı hərbçilərin təltifləri barədə məlumatlar olan sənədlər qorunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: