Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Arif Quliyev Fəxri Fərmanla təltif edilib
28.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Arif Quliyev Fəxri Fərmanla təltif edilib

Dekabrın 15-də AMEA-nın müxbir üzvü, Qubkin adına mükafatın laureatı, AMEA Geologiya İnstitutunun “Neft yataqlarının işlənilməsi” şöbəsinin müdiri, texnika üzrə elmlər doktoru, professor Arif Quliyevin 80 yaşı tamam olur.

AMEA Rəyasət Heyəti alimin elmi xidmətlərini nəzərə alaraq onun 80 illiyi ilə əlaqədar olaraq AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsinə dair qərar qəbul edib.

Arif Mehdi oğlu Quliyev 1963-cü ildə “Qaz-neft layı hidrodinamikasının bəzi məsələləri” mövzusunda namizədlik, 1974-cü ildə Moskvada “Çoxlaylı neft və qaz yataqlarının işlənməsinin qazohidrodinamiki hesablama üsulları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Alimin elmi-tədqiqat sahələri mürəkkəb realoji xüsusiyyətlərə malik çoxlaylı yataqların işlənməsinin layihələşdirmə üsullarının inkişafı, optimal praqnozlaşdırılma və karbohidrogen ehtiyyatlarının mənimsənilməsinin iqtisadi-riyazi modelinin yaradılması, proqnozlaşdırılma, neftçıxarmanın intensifikasiyasının yeni texnologiyalarının işlənilməsi və s. problemlərə həsr olunub. O, neft və qaz yataqlarının işlənilməsinin layihələndirilməsi və tənzimlənməsi üçün hidroqazotermodinamiki üsullar hazırlamış, layların və mayelərin süzülmə-tutum, reoloji və teplofiziki parametrlərinin təyini üçün yeni, yüksək səmərəli üsullar yaratmışdır. Layların neftverimini artıran və neft hasilatını intensivləşdirən üsullar hazırlamış və neftqazçıxarma kompleksinin bütün mərhələlərini nəzərə alan iqtisadi-riyazi modellər yaratmışdır. Alimin layların neft və qaz vermə əmsallarının artırılması və hasilatın intensivləşdirilməsi sahələrində fundamental və tətbiqi problemlərin işlənilməsində əhəmiyyətli xidmətləri vardır.

A.Quliyev 241 elmi əsərin, o cümlədən 9 monoqrafiya, kitab və lüğətin, istehsalatda tətbiq olunan 6 təlimat və metodik rəhbərliyin, 12 ixtira və patentin müəllifidir.

Onun elmi nəticələri dəfələrlə keçmiş SSRİ Elmlər Akadmeiyasının və Azərbaycan MEA-nın hesabatlarına və ali məktəb dərsliklərinə daxil edilmiş, eləcə də Azərbaycan, Rusiya və Türkmənistanın Qaradağ, Cənub, Bahar, Bulla-Dəniz, Satçem-Yu, Qotur-təpə və sairə yataqlarının işlənilməsinin texnoloji sxemlərinin tərtibi və təhlili üzrə aparılan işlərdə istifadə olunmuşdur.

AMEA-nın müxbir üzvü Arif Quliyev bir sıra beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış edərək, xarici ölkələrdə Azərbaycan geologiya elmini uğurla təmsil etmişdir. Alim YUNOKAL şirkətinin əməkdaşları ilə birgə layihəyə əsasən Amerika Birləşmiş Ştatlarında elmi tədqiqat işləri aparmışdır.

A.Quliyev keçmiş SSRİ Elmlər Akadmeiyası “Neft və qaz yataqlarının işlənilməsi” üzrə Problem Şurasının üzvü və Azərbaycan MEA “Neftçıxarma” problemləri üzrə Elmi Şuranın sədr müavini, “AMEA-nın Xəbərlər (yer elmləri seriyası)” jurnalının baş redaktorunun müavini, bir sıra ixtisaslaşdırılmış şuraların, keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili və Maarif nazirliklərinin texniki fənlər üzrə metodiki şuralarının üzvü, Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyasında Yer elmləri üzrə Ekspert Şurasının sədri olmuşdur. Hazırda həmin şuranın sədr müavini kimi fəaliyyət göstərir.

Yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində A.Quliyevin böyük xidmətləri vardır. Onun məsləhətçiliyi ilə 4 elmlər doktoru və rəhbərliyi ilə 14 fəlsəfə doktoru hazırlanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: