Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Zəfər yolu
05.11.2021 10:32
  • A-
  • A
  • A+

Zəfər yolu

Azərbaycanın hər guşəsi onun keçmiş əzəmətini əks etdirən silinməz izlərlə zəngindir. Azərbaycan təbiətinin nadir gözəlliklərini, xalqımızın maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar bir diyar - Qarabağ. Vətənimizin tarixinin öyrənilməsində alimlərimizin göstərdiyi gərgin səylərə baxmayaraq, bu barədə hələ də tədqiq edilməsi vacib bir çox açılmamış maraqlı səhifələr var. Belə səhifələrdən biri də sıx meşələr, sərt dağlarla əhatə olunan Qarabağın paytaxtı sayılan, əsrlər boyu mürəkkəb hadisələrin şahidi olan, öz gözəlliyi və təbii şəraiti ilə şöhrət qazanan qədim şəhərimiz Şuşa şəhərinin ərazisi zəngin və şanlı tarixi keçmişə malikdir. Şuşa şəhəri ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Hələ XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunub. Mədəniyyət paytaxtı Şuşanın gözəl mənzərəsi və uca dağlar qoynunda yerləşməsi səyyahları heyran edir, onları vəcdə gətirirdi. Belə ki, məşhur rəssam V.Vereşşagin gözəlliyi ilə hamını valeh edən Şuşanı görəndən sonra belə yazıb: "Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülən daşlardan tikilib. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənib, evlərin damları tirlərdən düzəldilib".

Böyük sevinc hissi il qeyd edə bilərik ki, uzun illərdir işğal altında olan Şuşa artıq azaddır. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, mədəni ruhu özünə qayıdan Şuşa yenidən dirçəlir və artıq qayıdışa hazırdır. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması işləri hərbi əməliyyatların bitməsindən az sonra yeni yolların çəkilməsi ilə başlayıb. 2020-ci ildə Vətən müharibəsi bitdikdən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün verdiyi tapşırığı ilə azad olunmuş ərazilərdə yol infrastrukturunun qurulması üçün hazırda gərgin iş gedir və artıq bir neçə yol layihəsi icra edilməkdədir. Belə layihələrdən biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa Füzuli-Şuşa avtomobil yolu və ya "Zəfər yolu" avtomobil yolunun təməli qoyulmuşdur. Təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 17-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Bu Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır.

Avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Füzuli-Şuşa magistral avtomobil yolunun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

İnşasına start verilən Füzuli-Şuşa magistral avtomobil yolu yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Avtomobil yolunu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur. Yeni magistral yol üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik yolun inşa edilməsi də daxil edilib. İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

Şuşaya aparan yeni avtomobil yolunun layihəsinə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. Belə ki, ilkin hesablamalara əsasən inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Eyni zamanada yeni tras üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur. Bundan əlavə yeni avtomobil yolu ilə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün qısa müddət ərzində müvəqqəti olaraq 2 hərəkət zolaqlı və çınqıl örtüklü olmaqla yeni yol inşa edilərək istifadəyə verilib. Nəticədə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 345 km təşkil edəcək.

Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu üzrə layihənin icrası 2022-ci il ərzində tamamlanacaq.

Yaranan reallıq və mövcud mənzərə göstərir ki, düşmən dağıdıcı, biz isə qurucu xislətə malikik. Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə Şuşa da, Qarabağ da dirçəldilərək dünyanın ən səfalı, gəzməli və görməli yerlərindən biri kimi həm xalqımızın, həm də turistlərin istifadəsinə veriləcək. Düşmənimizə diz çökdürən müharibənin qalibi Azərbaycan, işğaldan azad olunmuş bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini yenidən quracaq. Ermənistan isə tarixi boyu Azərbaycanın dəmir yumruğunun ağrısını hiss edəcək. Şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahidi olan "Zəfər yolu"nun açılması, həmin yolla əhalinin yenidən doğma yurda qayıtması - Qarabağa Böyük qayıdışı olacaq. "Böyük Qayıdış" planına uyğun olaraq işğaldan azad  olunmuş bütün ərazilərimiz tamamilə yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı, məişəti, məşğulluğu təmin ediləcək. İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən dönəcək, Prezident İlham Əliyevin çıxışlarında bəyan etdiyi kimi, Qarabağ dünyanın ən gözəl, cənnət guşələrindən birinə çevriləcək. Qarabağ bölgəsi Azərbaycanın iqtisadiyyatına böyük töhfələr verəcək. Bütün yollarımız uğurlu, çatacağımız bütün məkanlar abad olsun! Qarabağ Azərbaycandır!

Fərid MUSTAFAYEV, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər  Şurasının sədri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: