XXI əsrin 2020-ci ili Azərbaycan tarixinə şanlı qələbə ili kimi daxil oldu. 30 illik həsrətə 44 gün ərzində son qoyuldu. Güclü havadarlarının dəstəyi sayəsində Azərbaycanın əzəli və əbədi torpaqlarını qəsb edən erməni vandalları layiq olduqları cəzanı aldılar. Nəhayət ki, ilahi ədalət bərpa olundu. Bu haqq savaşımızın taleyini müəyyənləşdirən əsrin ən böyük qəhrəmanlıq dastanını yazan igid əsgərlərimiz, ağıllı və uzaqgörən Ali Baş Komandanımız oldu. Uzun illərdən bəri özünü məğlubedilməz sayan erməni ordusu və ərazilərimizdə qurduqları polad istehkamlar 44 günün ərzində yerlə yeksan oldu. Sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad olundu. Qələbəmizin ən yüksək zirvəsi Azərbaycanın baş tacı, Qarabağın ürəyi, mədəniyyətimizin, mənəviyyatımızın paytaxtı olan əsrarəngiz Şuşanın azad olunması oldu. Alınmaz qalamız doğma yurddaşlarına həsrət qollarını açdı. İgid oğullarımız dişi ilə, dırnağı ilə müqəddəs şəhəri yadelli düşmənlərdən azad etdi. Düşmən ağ bayraq qaldırmağa məcbur oldu.
Prezident İlham Əliyev xalqa müraciətlərinin birində deyib: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur... Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.
Dünyanı heyrətdə qoyan bu şanlı qələbəmizin əsas səbəblərindən biri Prezidentimizin 17 illik hakimiyyəti dövründə ordu quruculuğunu diqqətdə saxlaması oldu. Müharibədə qazandığımız bu uğurlar dövlət başçımızın həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasətinin nəticəsidir. Əgər belə olmasaydı, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra bilməzdi. Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bildirdiyi kimi, “...bəzi hallarda BMT Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir”.
Xalqımız Vətən müharibəsi dövründə Ordumuza və Prezidentimizə dəstək olmaqla bərabər, bu haqq savaşına öz töhfələrini də verməyə çalışırdı. Hər kəs yumruq kimi birləşib Ali Baş Komandanımızın dediyi kimi, “dəmir yumruq”larını bütün sahələrdə düşmənin başına endirmək əzmində idi. Cəbhədə gedən bütün proseslər diqqətlə izlənir, xalqa düzgün və səhih məlumatlar operativ şəkildə çatdırılırdı. Hər bir igidin döyüşdə qazandığı uğur dillərdə dastana dönürdü. Nağıllaşan, dastanlaşan igidlərimizin qəhrəmanlıq salnaməsi eldən-elə, dildən-dilə dolaşırdı. Bu günlərdə Azərbaycan mətbuatı da döyüşürdü, bir anı belə ötürməmək üçün xüsusi səy göstərirdi. Ziyalılar, yaradıcı insanlar, hərbi ekspertlər fikir və düşüncələrini bölüşür, xalqı məlumatlandırmağa çalışırdı. 44 gün ərzində yüzlərlə məqalə, esse, şeir, hekayə, dastanlar yarandı.
Xalqın yaratdığı intellektual milli sərvəti toplamaq, qorumaq və gələcək nəsillərə ötürmək missiyasını daşıyan AMEA-nın Mərkəzi Elmi Kitabxanası da bu qələbəyə layiqli töhfəsini vermək məqsədi ilə “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici tərtib etməyi özünə borc bildi. Təqdim olunan biblioqrafik göstərici qırx dörd günlük II Qarabağ müharibəsinə həsr edilmiş dövri mətbuat materialları əsasında tərtib olunmuşdur. 2020-ci ilin sentyabrından 2021-ci ilin aprelinədək dərc olunmuş Rus və Azərbaycan dillərində materialları əhatə edən göstərici tarixçilər, tədqiqatçı alimlər və mütəxəssis kitabxanaçılar üçün nəzərdə tutulmuşdur. Göstəricidə materiallar xronologiya üzrə əlifba sırası ilə verilmişdir və istifadəni asanlaşdırmaq məqsədi ilə köməkçi aparat tərtib olunmuşdur. Kitabın ön sözünün müəllifi AMEA prezidenti, akademik Ramiz Mehdiyev, redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev, ixtisas redaktoru əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçilər Natavan Hacıyeva, Aygün Əliyeva, Əsmər Salalı, Leylibəyim Mirseyidlidir.
Ümidvarıq ki, bugünkü və gələcək tariximizin öyrənilməsində, bizdən sonra gələn nəsillərə çatdırılmasında bu vəsaitin də xüsusi əhəmiyyəti olacaqdır.
Xuraman İSMAYILOVA, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri,Əməkdar mədəniyyət işçisi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.