10 noyabr 2021-ci il Bəyannaməsi, Azərbaycanın müasir dövlətçilik tarixində böyük siyasi, tarixi, mənəvi çəkiyə malik olan, eyni zamanda regionun həyatında da önəmli rol oynayan bir hadisədir. Məhz bu tarixdə Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olduğunu etiraf edərək kapituliyasiya-təslimçilik aktını imzalayıb. Məlumdur ki, üçtərəfli sənədin imzalanması nəticəsində Ağdam, Laçın və Kəlbəcər qansız-qadasız, itkilər verilmədən azad edildi.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli 10 noyabr bəyannaməsi, birmənalı şəkildə Ermənistanın imzaladığı kapitulyasiya aktı idi. İstər bu sazişi hüquqi cəhətdən təfsir etdikdə, istər siyasi baxımdan şərh etdikdə, istərsə də kapituliyasiya aktının məzmun və mahiyyətini izah etdikdə bu qənaətə gəlinir ki. bu bəyannəmə Ermənistan tərəfindən imzalanan bir kapituliyasiya aktı, Ermənistanın Azərbaycan qarşısında bir təslimçilik sazişi idi.
Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistanı bu kapituliyasiyaya məcbur edən çox ciddi hərbi-siyasi amillər var idi. Bu amillər içərisində Azərbaycanın müzəffər ordusunun 44 günlük qəhrəmanlığının rolunu xüsusi olaraq qeyd etməliyik. 10 noyabr Bəyannaməsinə qədər artıq Azərbaycan ordusu 4 il müddətində (1991-1994-cü illər) erməni faşistləri tərəfindən işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsinin böyük hissəsini işğaldan azad etmişdi. Yalnız 10 noyabra qədər işğaldan azad olunmamış Ağdam, Laçın, Kəlbəcər və keçmiş Dağlıq Qarabağın müəyyən bir qismi qalırdı.
Digər tərəfdən kapituliyasiya aktına qədər, xarici hərbi analitiklərin də etiraf etdiyi kimi, Ermənistanın hərbi sisteminin, ordusunun, müasir texnoloji silahlarının 70-80 faizi sıradan çıxarılmışdı. Eyni zamanda Ermənistanı təslimçilik sazişinə aparan amillərdən biri də, 1994-cü ildən bu yana ermənilərin “Ohanyan səddi” də daxil olmaqla işğal olunmuş Qarabağ bölgəsində yaratdıqları böyük bir təhlükəsizlik sisteminin böyük bir hissəsinin məhv edilməsi idi. Dairəvi xarakter daşıyan bu təhlükəsizlik sisteminin 70-80 faizi artıq müharibənin 3-cü, 4-cü günündə Azərbaycanın hərbi hava qüvvələri tərəfindən darmadağın edilmişdir.
Ermənistanın işğal olunmuş ərazilərdə bütün təhlükəsizlik sisteminin darmadağın olunması, hərbi qüvvələrimizin, xüsusən də Xüsusi Təyinatlı Qüvvələrimizin böyük bir qəhrəmanlıq, rəşadət nümunəsi göstərərək düşmən qüvvələrinin böyük hissəsini məhv etməsi erməni hakimiyyətinin təslimçilik sazişinə imza atmasında ciddi amillərdən idi.
Hərbu analtiklərin verdiyi məlumatlara görə, 44 günlük hərbi əməliyyatlar nəticəsində Azərbaycanın Xüsusi Təyinatlı qüvvələri Ermənistanın xüsusi təyinatlılarının 90 faizini məhv etmişdir.
44 günlük müharibə dövründə Azərbaycanın Müzəffər ali Baş Komandanın təkbaşına apardığı diplomatiya müharibəsi beynəlxalq aləmdə erməniləri müdafiə edənləri, onların havadarlarını demək olar ki, zərərsizləşdirdi. Prezident İlham Əliyevin diplomatiya silahı bütün xarici qüvvələri pat vəziyyətində qoydu. Bu artıq onun göstəricisi idi ki, Ermənistan xarici dəstəkdən məhrum olmuş, həmin xarici qüvvələr də erməni faşistlərini birabaşa müdafiə edə bilmək imkanını itirmişlər. Fikrimizcə, bu amil Ermənistan tərəfinin kapituliyasi aktı imzalamasının ən ciddi səbəblərindən biri idi.
Nəhayət ki, 10 noyabr tarixində istər psixoloji, istər mənəvi, istər hərbi-siyasi baxımdan Qarabağ bölgəsində darmadağın edilən Ermənistan dövləti öz varlığını qorumaq üçün təslimçilik sazişini imzalamağa məcbur oldu və 9 maddədən ibarət olan üçtərəfli Noyabr Bəyannaməsi imzalandı. Bu sazişin ən əhəmiyyətli tərəfi ondan ibarət idi ki, bir güllə atılmadan Azərbaycan işğalda olan üçü rayonunu - Ağdam, Laçın və Kəlbəcərin işğaldan azad edilməsinə nail oldu. Azərbaycan Prezidenti də dəfələrlə qeyd edib ki, “Ermənistanın imzaladığı kapituliyasiya aktı imkan verdi ki, biz minlərlə gəncin həyatını qoruyaq. Lakin Azərbaycan Prezidenti onu da xüsusi olaraq vurğulamışdı ki, əgər 10 noyabr kapituliyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı biz dayanmayacaqdıq...”.
Bu aktın bizim üçün eyni zamanda ən böyük əhəmiyyəti ondan ibarətdir ki, bu saziş nəticəsində yalnız Azərbaycanın üç rayonu qansız qadasız düşmndən azad olunmadı, eyni zamanda Azərbaycanı Türkiyə və Naxçıvanla birlışdirən Zəngəzur dəhlizinin açıqlması məsələsi də bəyannamədə təsbit edildi. Bu fakt da böyük bir tarixi qələbə və sonun başlanğıcıdır… Müzəffər Ali Baş Komandanın dediyi kimi, “Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da vardır”. Fərq etməz, hər iki tərəf Vətəndir...
Mübariz AĞALARLI, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.